“Zəngəzur dəhlizi qlobal nəqliyyat dəhlizi kimi aktuallığını saxlayır. Dəhlizin bir seqmenti olan TRİPP-in parametrləri üzrə Moskvanın İrəvanla məsləhətləşmələr aparmağa və Rusiyanın layihədə mümkün iştirakını müzakirə etməyə hazır olduğunu bildirməsi bəzi ziddiyyətli məqamları üzə çıxarır. Çünki Ermənistan rəsmiləri layihədə iştirakla bağlı Rusiya ilə heç bir müzakirənin aparılmadığını açıqlayıblar. Bu isə Rusiyanın Ermənistandakı təsirlərini bərpa etmək niyyətindən xəbər verir. Əslində, TRİPP-ə marağın Ermənistan və Azərbaycan arasında nizamlanmaya, eləcə də regionda sülhün bərqərar olmasına sadiqlik niyyəti kontekstində olması daha məqsədəuyğun olardı. Lakin hələlik buna inanmaq çətindir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Qeyd edək ki, son dövrlərdə Rusiya və İranın Zəngəzur dəhlizinin açılmasına qarşı mövqelərinin yenidən aktivləşməsi regionda diqqətçəkən geosiyasi gərginlik yaradıb. Zəngəzur dəhlizi təkcə Azərbaycan və Ermənistanı birləşdirən tranzit yol deyil, eyni zamanda regionda enerji və ticarət axınlarını formalaşdıran strateji marşrut kimi mühüm əhəmiyyət daşıyır. Rusiya və İranın bu məsələdəki mövqeyi dəhlizin açılmasının onların regional təsir imkanlarını məhdudlaşdıracağı ilə bağlı narahatlıqlardan qaynaqlanır. Bu səbəbdən hər iki ölkə həm iqtisadi, həm də geosiyasi maraqlarını qorumaq məqsədilə Azərbaycanın təşəbbüslərinə qarşı çıxır, paralel olaraq Cənubi Qafqazda yeni balansların formalaşmasına təsir göstərməyə çalışır.
Deputat qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi yalnız bu ilin avqust ayında Vaşinqtonda keçirilən tarixi görüşdən sonra başlayıb.
"Bəzi mənbələr iddia edir ki, TRİPP Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək və Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) üzvüdür. Lakin 2024-cü ilin yayında Ermənistanın tələblərinə uyğun olaraq Rusiya sərhədçiləri geri çəkilib və hazırda onlar Ermənistanın Türkiyə və İranla sərhədlərində yerləşdiriliblər. İranın narahatlığına gəlincə, Tehran və Moskvanın mövqelərində müəyyən sinxronluq hiss olunur. Bununla belə, mühafizəkarlarla Pezeşkian hakimiyyətinin mövqeləri üst-üstə düşmür. Ümumilikdə isə mövcud şəraitdə İranın Zəngəzur dəhlizi layihəsini dayandırmaq imkanları geniş deyil. Hazırda inşaat prosesi davam edir. Azərbaycan Prezidenti hər zaman bəyan edir ki, Zəngəzur dəhlizi mütləq açılacaq və bu, beynəlxalq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının tərkib hissəsi olacaq. Bunun 2028-ci ilin sonunadək baş verəcəyi gözlənilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az