“Amerika Birləşmiş Ştatlarının Venesuelaya qarşı apardığı siyasətə bir neçə kontekstdən baxmaq lazımdır. Birincisi, Tramp administrasiyası dövründə ABŞ sanki XIX əsrin 20-ci illərində formalaşmış və Qərbi Yarımkürədə Amerikanın hegemon mövqeyini nəzərdə tutan Monro doktrinasına geri qayıtmış kimi görünür. Yəni ABŞ Qərbi Yarımkürənin tam şəkildə onun nəzarətində olması ilə bağlı açıq mövqe sərgiləmək niyyətindədir və hazırda Venesuelaya qarşı həyata keçirilən siyasət də ilk növbədə bu yanaşmadan qaynaqlanır. İkincisi, ABŞ Venesuelaya təzyiqləri artırmaqla bu ölkənin Çin, Rusiya və İranla olan əlaqələrini zəiflətməyə çalışır. Çünki Venesuela məhz bu dövlətlərlə münasibətləri inkişaf etdirərək ABŞ sanksiyalarının təsirini qismən də olsa azaltmağa cəhd göstərir. Şübhəsiz ki, burada digər mühüm amil Venesuelanın dünyanın ən zəngin neft ehtiyatlarına malik ölkələrindən biri olmasıdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.
ABŞ-nin Venesuela sahillərində neft tankerini saxlaması Vaşinqtonun enerji bazarına siyasi müdaxiləsini və regiondakı geosiyasi maraqlarını bir daha ortaya qoyur. Bu addım yalnız Latın Amerikasında diplomatik və iqtisadi gərginliyi artırmaqla qalmır, həm də qlobal neft bazarında qiymət dalğalanmaları və təchizat riskləri yarada bilər. Eyni zamanda, hadisə ABŞ-nin Venesuelaya qarşı sanksiya siyasətinin strateji mesajını əks etdirir və regional və qlobal enerji aktorlarının reaksiyasını formalaşdırmaqda mühüm rol oynayır.
Siyasi şərhçi qeyd edib ki, bu enerji resurslarının ABŞ-nin nəzarətinə keçməsi ölkənin qlobal liderliyini daha da gücləndirə bilər.
"Tarix boyu olduğu kimi, bu gün də böyük güclər kommunikasiya xətləri, dəhlizlər və enerji resursları üzərində nəzarəti gücləndirməyə çalışırlar. Venesuela məsələsi də məhz bu kontekstdə dəyərləndirilməlidir. Açıq qalır sual: ABŞ tərəfindən aparılan bu siyasət hansı effekti verəcək və real nəticə doğuracaqmı? Düşünürəm ki, bu proses hələ bir müddət davam edəcək. Hazırda biz həm də psixoloji müharibə elementlərinin ön plana çıxdığını müşahidə edirik. ABŞ təkcə Venesuelanı deyil, eyni zamanda regionda müəyyən gəmiləri hədəfə alaraq onları narkotik daşınmasında ittiham edib və bununla bağlı rəsmi açıqlamalar verib. Region ölkələrinin bu məsələyə münasibətinə gəlincə, görünən odur ki, onlar kifayət qədər ehtiyatlı mövqe sərgiləyirlər və xüsusilə Tramp administrasiyasının birbaşa hədəfinə çevrilmək istəmirlər. Venesuelanın ABŞ-nin tam nəzarətinə keçməsi və ya ölkədə proseslərin gərgin fazada qalması dünya bazarlarında dalğalanmalara səbəb ola bilər. Bu, OPEC daxilində balanslara təsir göstərməklə yanaşı, qlobal enerji bazarına da mənfi təsir edə bilər. Məhz buna görə də hazırda açıqlamalar daha çox ABŞ ilə Venesuelanın müəyyən məsələlərdə razılığa gəlməsi ehtimalına işarə edir. Nəzərə almaq lazımdır ki, ABŞ tərəfi Prezident Nikolas Maduronun hakimiyyətdən getməsində maraqlıdır və bunu gizlətmir. Bu mövqe son dövrlərdə Tramp və Maduro arasında baş tutan telefon danışığında da açıq şəkildə ortaya qoyulub".
Rəfiqə Namazəliyeva,
AzNews.az