“Aİ Gürcüstana qarşı mövqeyini sərtləşdirir” - Elçin Xalidbəyli

22 Dekabr 2025 18:26 (UTC+04:00)

“Gürcüstan və Avropa Birliyi arasındakı gərginliklərin mərkəzində təbii ki, Rusiya faktoru dayanır. Avropa Birliyinin siyasi dairələrində hesab edirlər ki, Gürcüstan hazırda daha çox Rusiya yönündə mövqedən çıxış edir. Yəni Avropa Birliyi Gürcüstanın indiki hakimiyyətini Rusiyanın təsiri altında olan hökumət kimi qəbul edir. Bu səbəbdən Gürcüstan hakimiyyətinin son vaxtlar qəbul etdiyi bəzi qərarlar və qanunvericilik təşəbbüsləri Qərb siyasi dairələrində demokratiya və insan haqları məsələlərindən uzaqlaşma kimi qiymətləndirilir. Nəticədə, Avropa Birliyi Gürcüstana qarşı sərt mövqe tutmaq və müəyyən sanksiyaların tətbiqinə meyil göstərməkdədir”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, Gürcüstanla Avropa İttifaqı (Aİ) arasındakı gərginlik artmaqdadır və bu proses artıq yalnız diplomatik ritorika ilə məhdudlaşmır. Siyasi, iqtisadi və institusional səviyyələrdə özünü göstərən qarşıdurma, Aİ-nin genişlənmə siyasətindəki ziddiyyətləri və Gürcüstanın suverenliyi ilə daxili siyasi seçimlərini qorumaq istəyini üzə çıxarır. Bir neçə gün əvvəl Baş nazir İrakli Kobaxidze Aİ-ni ikili standartlarda ittiham edərək bildirib ki, qurum Gürcüstandan açıq şəkildə Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edir. Onun sözlərinə görə, bu tələb əvvəlcə ehtiyatla səsləndirilsə də, artıq həm Avropa Parlamentinin sənədlərində, həm də Avropa Komissiyasının mövqeyində açıq şəkildə ifadə olunur. Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas isə bəyan edib ki, Brüssel Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləyir və hazırkı hakimiyyətin ölkəni Avropa İttifaqına doğru olmayan istiqamətdə apardığını düşünür.

Siyasi şərhçi qeyd edib ki, müşahidələr göstərir ki, Gürcüstanın Avropa Birliyinə üzvlük prosesi demək olar ki, dayandırılıb və ölkəyə maliyyə dəstəyi kəsilib.

"Bu baxımdan Gürcüstan hakimiyyətinin Avropa Birliyinin hədəfində olduğu şübhəsizdir və belə görünür ki, ortaq mövqe tapılmasa, Gürcüstanın indiki hakimiyyəti Avropa Birliyi və hətta Amerika Birləşmiş Ştatları tərəfindən daha sərt təzyiqlərlə üzləşə bilər. Bu da ölkəni tamamilə Rusiyanın təsir dairəsinə doğru yönəldə bilər. Hazırkı situasiyada həm Gürcüstan, həm də Avropa Birliyi bir-birinə zərər vermək niyyətində deyillər. Avropa Birliyi hesab edir ki, üzvlük niyyətində ciddi olan Gürcüstan təqdim olunan inkişaf proqramlarına uyğun davranmalı və xarici siyasətini Avropa Birliyinin standartlarına uyğun müəyyənləşdirməlidir. Gürcüstan hakimiyyəti isə iddia edir ki, Avropa Birliyi Cürcüstana qarşı ikili standartlardan çıxış edir, qərəzli mövqe tutur və əhalini hökumətə qarşı qaldırır. Hazırki vəziyyətdən çıxış yolu hələlik inandırıcı görünmür. Rusiya faktoru mövcud olduğu müddətcə Gürcüstanın Avropa Birliyi və qərb siyasi dairələri ilə münasibətlərinin daha da gərginləşməsi və hətta tamamilə kəskinləşməsi istisna deyil".

Rəfiqə Namazəliyeva,

AzNews.az