Müasir Azərbaycan dövlətinin uğurlu inkişaf yolu güclü siyasi liderlik, düşünülmüş dövlət strategiyası və xalq–iqtidar birliyinə əsaslanan idarəetmə fəlsəfəsi ilə səciyyələnir. Bu modelin mərkəzində Prezident İlham Heydər oğlu Əliyevin formalaşdırdığı müasir dövlətçilik konsepsiyası dayanır. Dövlət başçısının ifadə etdiyi kimi, “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.” Bu prinsip Prezident İlham Əliyevin həyata keçirdiyi bütün islahatların və qərarların ideoloji əsasını təşkil edir. Prezident İlham Əliyevin formalaşması ilk növbədə möhkəm təhsil bazasına söykənir. 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Əliyev orta təhsilini Bakı şəhərində 6 saylı məktəbdə almış, daha sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ali təhsil almışdır. Elmi fəaliyyətini həmin institutun aspiranturasında davam etdirmiş, 1985-ci ildə tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Fundamental təhsil və elmi təfəkkür Prezident İlham Əliyevin gələcək siyasi fəaliyyətində rasional yanaşma, analitik düşüncə və strateji qərarvermə mədəniyyətinin əsasını qoymuşdur.
Cənab İlham Əliyevin peşə fəaliyyəti ardıcıl inkişaf xətti üzrə formalaşmışdır. 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi çalışması, 1990-cı illərin əvvəllərində biznes sahəsində əldə etdiyi təcrübə, daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətində vitse-prezident və birinci vitse-prezident vəzifələrində fəaliyyəti onun dövlət idarəçiliyi sahəsində dərin bilik və bacarıqlar qazanmasına imkan yaratmışdır. Milli Məclisin üzvü kimi fəaliyyəti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti kimi idman diplomatiyasına verdiyi töhfələr və Yeni Azərbaycan Partiyasında yüksələn siyasi fəaliyyəti onun liderlik keyfiyyətlərini daha da möhkəmləndirmişdir. Ölkə başçımız beynəlxalq müstəvidə də Azərbaycanın milli maraqlarını qətiyyətlə və prinsipial şəkildə müdafiə etmişdir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, daha sonra AŞPA sədrinin müavini kimi fəaliyyəti ölkəmizin beynəlxalq nüfuzunun artmasına, Azərbaycanın Avropa siyasi məkanında etibarlı tərəfdaş kimi tanınmasına mühüm töhfə vermişdir. Azərbaycan xalqının Prezident İlham Əliyevə göstərdiyi davamlı etimad onun siyasi kursunun legitimliyinin əsas göstəricisidir. 2003-cü ildən başlayaraq keçirilmiş bütün prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə qalib gəlməsi xalqın sabitliyə, inkişaf strategiyasına və güclü dövlətə verdiyi dəstəyin ifadəsidir. Xüsusilə 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkiləri tarixə Zəfər seçkisi kimi düşmüşdür. İlk dəfə olaraq seçkilər ölkənin bütün ərazilərində, o cümlədən Xankəndi şəhərində keçirilmiş, bu fakt Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının siyasi təcəssümünə çevrilmişdir. 2024-cü il seçkilərində Prezident İlham Əliyevin irəli sürdüyü seçki platforması və strateji hədəflər müasir Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyən etmişdir. Vətəndaş rifahının davamlı yaxşılaşdırılması, yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın qurulması, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın davam etdirilməsi, milli təhlükəsizlik və müasir ordu quruculuğu, innovativ təhsil və səhiyyə, demokratik inkişaf və insan hüquqlarının təmin edilməsi bu siyasətin əsas prioritetlərini təşkil edir.
Beynəlxalq səviyyədə Prezident İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilmiş, o, çoxsaylı ordenlər, ali dövlət mükafatları və fəxri elmi adlarla təltif olunmuşdur. Müxtəlif ölkələrin ali ordenləri, nüfuzlu universitetlərin fəxri doktor və professor adları, beynəlxalq idman təşkilatlarının mükafatları onun qlobal miqyasda tanınan və hörmət edilən siyasi lider olduğunu təsdiqləyir. Bu təltiflər eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun və artan strateji əhəmiyyətinin göstəricisidir.
Gənclərin hərtərəfli inkişafına yönəlmiş dövlət siyasəti Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Müasir, milli köklərə bağlı, vətənpərvər gəncliyin formalaşdırılması Azərbaycan dövlətinin gələcəyinin təminatı kimi qiymətləndirilir. Yeni Azərbaycan Partiyasının sədri kimi İlham Əliyev ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasına, təkamül yolu ilə demokratik ənənələrin möhkəmlənməsinə, siyasi dialoqun dərinləşməsinə şərait yaratmışdır.
Mövcud qlobal və regional çağırışlar fonunda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni reallıqlar şəraitində inkişaf yolunu ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Qazanılmış siyasi və hərbi uğurlar ölkənin milli gücünü və suverenliyini daha da möhkəmləndirmiş, Azərbaycanın qalib xalqın qalib dövləti kimi gələcəyə inamla addımlamasını təmin etmişdir. Bu kontekstdə aparılan dövlət siyasəti yalnız bugünkü nailiyyətlərin qorunmasına deyil, həm də uzunmüddətli strateji inkişaf perspektivlərinin təmin olunmasına xidmət edir.
Samirə Hüseynova