Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etməsindən sonra ərazi bütövlüyü və suverenliyə hörmət çağırışı edərək Danimarka ilə həmrəy olduqlarını bəyan edib.
Aİ Komissiyasının sədri Ursula fon der Lyayen mövzu ilə bağlı açıqlama verib. Arktika təhlükəsizliyinin Aİ üçün əsas prioritet olaraq qaldığını vurğulayan fon der Lyayen bildirib:
“Ərazi bütövlüyü və suverenlik beynəlxalq hüququn əsas prinsipləridir. Bu prinsiplər təkcə Aİ üçün deyil, bütün dünya ölkələri üçün həyati əhəmiyyət daşıyır.”
Fon der Lyayen Aİ-nin Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik içində olduğunu qeyd edib.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas da Danimarka və Qrenlandiya ilə həmrəy olduqlarını vurğulayaraq deyib:
“Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar bir bölgədir. Bu statusla bağlı hər hansı dəyişiklik barədə yalnız qrenlandiyalılar və danimarkalılar qərar verə bilər.”
Kallas əlavə edib ki, bütün tərəfdaşlardan başda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Şimali Atlantika Müqaviləsi olmaqla, beynəlxalq öhdəliklərdə yer alan suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət göstərmələri və bu öhdəliklərə əməl etmələri gözlənilir.
Mövsüm,
AzNews.az