"Mövcud vəziyyətdə yaranan bu konfliktli durumun bir sıra səbəbləri var. Qeyd olunan əsas səbəblərdən biri valideynlərin repetitorlara həddindən artıq güvənməsidir. Onlar hesab edirlər ki, repetitorlar son iki il ərzində övladlarını universitetə hazırlaşdıra bilərlər və bu, ali məktəbə qəbul üçün kifayətdir. Bu yanaşma isə uşağın vaxtında dərsə cəlb edilməsinin, müntəzəm oxumasının və erkən mərhələdən təhsilə motivasiya olunmasının o qədər də vacib olmadığı düşüncəsini formalaşdırır. İkinci səbəb ondan ibarətdir ki, bəzi valideynlər orta məktəbdə bütün fənlərin öyrənilməsini zəruri hesab etmirlər. Onların fikrincə, orta məktəb təhsili ilə universitetə hazırlıq iki ayrı prosesdir. Hələ də Dövlət İmtahan Mərkəzinin sualları məhz orta məktəb proqramı əsasında tərtib etdiyinə inanmayanlar var. Halbuki DİM illərdir rəsmi şəkildə bildirir ki, imtahan sualları orta məktəbdə keçilən mövzulara əsaslanır. Buna baxmayaraq, bu yanaşma cəmiyyətin bir hissəsi tərəfindən qəbul edilmir".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib.
Xatırladaq ki, DİM sədri Məleykə Abbaszadə qeyd edib ki, “repetitora üz tutanlar sehrli üsul axtarırlar”. Bu fikirdən çıxış edərək demək olar ki, bəzi valideynlər övladlarının təhsili ilə bağlı 9 il ərzində ciddi düşünmür, lakin son iki il qaldıqda onları repetitor yanına göndərir və ali məktəbə qəbul olunacaqlarına mütləq inanırlar.
Ekspert qeyd edib ki, daha sistemli problem isə imtahan və orta məktəb sisteminin şagirdləri dərsə ciddi yanaşmağa kifayət qədər təşviq etməməsidir.
"Mövcud quruluşda orta məktəbdə əldə olunan uğurlar müəllimin və məktəbin şagird haqqında rəyi, qiymət hesabatları, məktəbdaxili nailiyyətlər və intizam göstəriciləri universitetə qəbul prosesinə ciddi təsir göstərmir. Bu da məktəbdə oxumağın əhəmiyyətini şagird və valideyn üçün azaldır. Halbuki beynəlxalq təcrübədə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən Kembric və IB məktəblərində, eləcə də inkişaf etmiş ölkələrdə şagird universitet imtahanlarını birbaşa öz məktəbində verir. Şagird aşağı siniflərdən etibarən gələcək ixtisas istiqamətini müəyyənləşdirir və bu istiqamətə uyğun təhsil trayektoriyası formalaşdırır. Məsələn, mühəndislik, tibb, biotexnologiya və ya iqtisadiyyat sahəsini seçən şagirdlər 9-cu sinifdən etibarən uyğun fənləri seçərək oxuyurlar. Beləliklə, 9–12-ci siniflər ərzində şagird yalnız seçdiyi sahə üçün vacib olan fənlər üzrə təhsil alır, ona lazım olmayacaq fənləri isə keçmir. Nəticədə, şagird universitetə daha məqsədyönlü və sistemli şəkildə hazırlaşmış olur. Bu modeldə 13–14 fənn əvəzinə 4–5 əsas fənnin tədrisi daha səmərəli hesab olunur və şagirdin yüklənməsinin qarşısı alınır. Məktəbdə birbaşa imtahana yönəlik hazırlığın aparılması təhsil müəssisəsinin əsas funksiyasını bərpa etməsinə imkan yaradar. Bu baxımdan problemi yalnız valideynlərin laqeydliyi ilə izah etmək doğru deyil. Əlbəttə, məsuliyyətsiz valideynlər həmişə olacaq, lakin əsas məsələ təhsil siyasətini formalaşdıran qurumların bu problemləri sistemli və rasional şəkildə həll etməsidir. Məqsəd isə fərdi hallara fokuslanmaq deyil, ümumi təhsil sisteminin effektivliyini artırmaq olmalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az