Xankəndidə enerji təhlükəsizliyinin yeni mərhələsi

23 Dekabr 2025 23:09 (UTC+04:00)

Xankəndi şəhərində “Xankəndi-1” elektrik yarımstansiyasının istifadəyə verilməsi Qarabağ və Şərqi Zəngəzurda enerji infrastrukturunun bərpası və modernləşdirilməsi prosesində strateji mərhələnin tamamlandığını göstərir. Prezident İlham Əliyevin açılışda iştirakı ilə istismara verilən 110/35/10 kV-luq qapalı tipli yarımstansiya təkcə lokal enerji təminatı obyekti deyil, bütövlükdə regionun ölkənin vahid enerji sisteminə tam və dayanıqlı inteqrasiyasını təmin edən texnoloji həlqə kimi çıxış edir. Burada əsas diqqət yalnız enerji ötürülməsinə deyil, etibarlılıq, rəqəmsallaşma və uzunmüddətli istismar dayanıqlılığına yönəlib.

Qlobal miqyasda müasir enerji sistemlərinin əsas xüsusiyyətlərindən biri şəhər mühitinə uyğunlaşdırılmış qapalı tipli yarımstansiyaların və ağıllı idarəetmə mexanizmlərinin tətbiqidir. Xankəndidə inşa edilən yarımstansiyanın 110 kV gərginlik sinfi üzrə qapalı tipdə olması işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun ən son beynəlxalq standartlara uyğun qurulduğunu göstərir. Transformatorlar və bütün əsas avadanlıqların binanın daxilində yerləşdirilməsi həm təhlükəsizlik, həm də istismar baxımından riskləri minimuma endirir, eyni zamanda şəhər mühitinə vizual və ekoloji uyğunluq yaradır.

Xankəndi və ətraf rayonların ölkə enerjisisteminə qoşulması üçün çəkilmiş yüksəkgərginlikli ötürmə xətti xüsusilə diqqətəlayiqdir. Çətin dağlıq və meşəlik relyefdən keçən, bir hissəsi yeraltı kabel olan bu xətt texniki baxımdan mürəkkəb layihədir və enerji ötürülməsində itkilərin azaldılması ilə yanaşı, fövqəladə şəraitlərdə davamlılığı təmin edir. Bu yanaşma inkişaf etmiş ölkələrin enerji təcrübəsində risklərin coğrafi və təbii amillərdən asılılığını azaltmaq üçün geniş tətbiq olunur.

Yarımstansiyada yaradılmış mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi isə layihənin texnoloji mahiyyətini daha da gücləndirir. “AzərEnerji” ASC-nin mütəxəssisləri tərəfindən hazırlanmış və ilk dəfə Xankəndidə tətbiq olunan Micro-SCADA sistemi real vaxt rejimində monitorinq, idarəetmə və analiz imkanları yaradır. Bu, enerji sisteminin reaktiv deyil, proaktiv idarə olunmasına keçidi ifadə edir. Beynəlxalq enerji agentliklərinin qiymətləndirmələrinə görə, rəqəmsal idarəetmə sistemləri qəza risklərini əhəmiyyətli dərəcədə azaldır və istismar xərclərinin uzunmüddətli perspektivdə aşağı düşməsinə səbəb olur.

Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılmış 330 və 110 kV-luq ikipilləli dairəvi elektrik təchizatı modeli regionun enerji təhlükəsizliyində keyfiyyətcə yeni mərhələ yaradır. Min kilometrə yaxın yüksəkgərginlikli xətlərin 12 yarımstansiya ilə zəncirvari şəkildə birləşdirilməsi, istənilən istiqamətdə qəza baş verdikdə enerji təminatının avtomatik olaraq alternativ marşrutdan davam etməsinə imkan verir. Bu model inkişaf etmiş enerji sistemlərində dayanıqlılığın əsas şərti hesab olunur və böyük sənaye, şəhər və regionların fasiləsiz enerji təminatında həlledici rol oynayır.

Rəqəmsal texnologiyalarla yarımstansiya və hava xətlərinin monitorinqi və analizi sistemlərinin tətbiqi isə istismarın keyfiyyətini yeni səviyyəyə qaldırır. Dronlar, teplovizorlar və lazer ölçmə texnologiyaları vasitəsilə potensial qəza risklərinin erkən mərhələdə aşkarlanması beynəlxalq enerji praktikasında ən müasir yanaşmalardan biri sayılır. Bu sistemlərin tətbiqi yalnız texniki təhlükəsizliyi deyil, insan resurslarının daha səmərəli istifadəsini də təmin edir.

Enerji infrastrukturunun bu miqyasda qurulması eyni zamanda “yaşıl enerjiyə keçid” strategiyasının texniki əsaslarını möhkəmləndirir. Yeni yarımstansiyalar, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası, batareya enerji saxlanclarının yaradılması və geniş ərazi monitorinq sistemləri Azərbaycanın enerji sistemini daha çevik və davamlı edir. Xüsusilə böyük həcmli bərpa olunan enerji layihələrinin şəbəkəyə qoşulması üçün belə infrastrukturun mövcudluğu gələcək enerji balansının stabilliyi baxımından həlledici əhəmiyyət daşıyır.

Aznews.az