Cin, şeytan yoxsa beyindəki kabus? - Psixi pozuntulara demonoloji baxış

23 Dekabr 2025 23:14 (UTC+04:00)

"İnsanlar onlar kimi olmayanı qəbul etmirlər".

Demonologiya insanın psixi və davranış pozuntularını izah etməkdə elmi biliklərin yetərsiz olduğu dövrlərdə formalaşmış düşüncə sistemidir. Tarix boyu insanlar anlamadıqları şüur dəyişikliklərini, halüsinasiyaları, impulsiv davranışları və emosional reaksiyaları cin, şeytan, ruh və cadı anlayışları ilə izah etmişlər. Bu yanaşma psixi pozuntusu olan şəxslərin sosial damğalanmasına, işgəncələrə məruz qalmasına və çox zaman ölümünə səbəb olmuşdur.

Paranoid şizofreniya bu baxımdan demonoloji izahların ən çox tətbiq edildiyi psixi pozuntulardan biridir. Bu pozuntu zamanı şəxs səslər eşidir, təqib olunduğunu düşünür və dini-mistik məzmunlu sayıqlamalar yaşaya bilər. Tarixi mənbələrdə bu hallar insanın içinə cin girməsi, şeytanla danışması kimi təqdim olunmuşdur. Əslində isə bu vəziyyət beyində dopamin sisteminin həddindən artıq aktivləşməsi ilə bağlıdır. Xüsusilə, temporal payda yerləşən eşitmə mərkəzləri daxili düşüncələri xarici səs kimi qəbul edir. Prefrontal korteksin nəzarət funksiyası zəiflədiyi üçün insan bu səslərin reallıqdan fərqli olduğunu ayırd edə bilmir.

Şizofreniyanın digər növlərində davranışın parçalanması, emosional donuqluq və hərəkətsizlik müşahidə olunur. Katatonik vəziyyətlərdə insan saatlarla hərəkətsiz qala bilər. Bu hallar tarixən şeytanın bədəni ələ keçirməsi kimi şərh edilmişdir. Neyropsixoloji baxımdan bu vəziyyət frontal korteks və bazal qanqliyalar arasındakı əlaqənin pozulması ilə izah olunur. Motor planlama və davranışın icrası üçün cavabdeh olan beyin strukturları koordinasiyanı itirir.

Şizotipal şəxsiyyət pozuntusu olan şəxslər mistik inanclara, fövqəltəbii əlaqələrə və simvolik düşüncəyə meylli olurlar. Tarix boyu bu insanlar cadugər, sehrbaz və ya şeytanla əlaqədə olan fərdlər kimi damğalanmışdır. Əslində isə bu pozuntuda limbik sistemlə frontal korteks arasında inteqrasiya zəif olur. Beyin təsadüfi assosiasiyaları məna kimi qəbul edir və reallıq testi zəifləyir.

Antisosial şəxsiyyət pozuntusu olan fərdlər empatiya çatışmazlığı, sosial məsuliyyətsizlik və aqressiv davranışlar göstərir. Bu xüsusiyyətlər demonoloji düşüncədə şeytani xarakter kimi təqdim edilmişdir. Neyropsixoloji baxımdan bu şəxslərdə amiqdala zəif aktivlik göstərir. Qorxu, peşmanlıq və vicdan reaksiyaları kifayət qədər formalaşmır. Ventromedial prefrontal korteksin funksional zəifliyi empatik qərarverməni pozur.

Epilepsiya tarixən cin girməsi anlayışı ilə izah olunmuşdur. Tutma zamanı baş verən qıcolmalar, huş itkisi və qeyri-iradi səslər fövqəltəbii hadisə kimi qəbul edilmişdir. Əslində isə epilepsiya beyində anormal elektrik boşalmaları ilə xarakterizə olunur. Xüsusilə, temporal pay epilepsiyasında görmə və eşitmə halüsinasiyaları meydana çıxır. Beyin real olmayan stimulları real kimi emal edir. Hətta bu insanlar vəhy gəldiyini, Tanrı ilə dialoqa girdiklərini və peyğəmbər olduqlarını iddia edə bilərlər. Eyni hal şizotipal şəxslərdə də görülə bilər.

Katalepsiya hallarında insan uzun müddət hərəkətsiz qalır, bədən sərtləşir və həyati əlamətlər zəifləyir. Tarixdə bu vəziyyət ölüm kimi qəbul edilmiş və insanlar diri-diri basdırılmışdır. Bəzi hallarda insan sonradan ayılmış və yenidən öldürülmüşdür. Bu faciə dopamin sisteminin müvəqqəti bloklanması ilə əlaqədardır. Şüur açıq qalır, lakin motor sistem cavab vermir.
Doğum sonrası depressiya yaşayan qadınlar tarixən şeytan tərəfindən ələ keçirilmiş hesab edilmişdir. Emosional reaksiyalar, dissosiativ hallar və impulsiv davranışlar cadılıq və cin girməsi kimi yozulmuşdur. Əslində isə doğuşdan sonra hormon səviyyələrinin kəskin dəyişməsi beyində neyromediator balansını pozur. Serotonin və dopamin azalır, limbik sistem hiperaktivləşir və emosional nəzarət zəifləyir.

Depressiya və travma sonrası stress pozuntusu zamanı ölən yaxın şəxsin səsinin eşidilməsi və ya görüntüsünün görülməsi müşahidə oluna bilər. Bu hallar tarixən ruhların qayıtması kimi izah edilmişdir. Neyropsixoloji baxımdan isə bu vəziyyət hipokampus və amiqdalanın intensiv aktivliyi ilə əlaqədardır. Beyin emosional yaddaşı qorumaq üçün itirilmiş şəxsin obrazını yenidən canlandırır.

Cin çıxarma mərasimləri zamanı tətbiq edilən işgəncələr insanın tabe olma mexanizmini işə salırdı. Uzunmüddətli qorxu və ağrı prefrontal korteksi susdurur. Amiqdala sağ qalma rejimini aktiv saxlayır. Bu vəziyyətdə insan deyilənləri qəbul edir və cin olduğunu etiraf edir. Bu etiraf reallığın deyil, psixoloji sınmanın nəticəsidir.

Nəticə etibarilə, demonologiya psixi pozuntuların elmi olmayan izah formasıdır. Cin, şeytan və cadı anlayışları beyində baş verən neyrobioloji proseslərin simvolik proyeksiyasıdır. Tarix boyu bu yanlış izahlar minlərlə insanın, xüsusilə, qadınların və həssas qrupların işgəncəyə və ölümə məruz qalmasına səbəb olmuşdur. Müasir neyropsixologiya isə bu hadisələri empatiya, elmi analiz və müalicə yolu ilə izah edir.

Psixoloq Dilbər Bəhmənli