"Azərbaycanda distant təhsil artıq pandemiya dövründə müəyyən qədər özünü sübut edib. Amma bütün hallarda distant təhsil, yəni birbaşa təmasdan fərqli olaraq, aşağı siniflər üçün tam eyni nəticəni vermirdi. İndi isə ucqar məktəblərin əksəriyyətində ibtidai siniflər bəzi yerlərdə 4-cü sinifə, bəzilərində isə 8-ci sinifə qədər təşkil olunur, yəni tam orta məktəb səviyyəsində deyillər. Ona görə düşünürəm ki, bu, aşağı siniflər üçün müəyyən problemlər yarada bilər. Lakin böyük siniflərdə, təcrübədən gördüyümüz kimi, müəllimlərimiz ekstremal vəziyyət olsa belə, bu məsələyə hazırlıqlı idilər. Bir başqa problem isə ucqar məktəblərin sürətli internet zolağı üzərində yerləşməməsidir ki, bu da bir qədər çətinlik yarada bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, şagird sayı az olan kənd məktəblərində distant təhsil modelinə keçid planlaşdırılır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə növbəti tədris ilindən pilot layihə həyata keçirməyi nəzərdə tutur. Məqsəd təhsilin keyfiyyətini artırmaq və dövlət vəsaitindən səmərəli istifadə etməkdir. Nazir Emin Əmrullayev bildirib ki, bəzi bölgələrdə bir şagirdə düşən xərc Bakının özəl məktəblərindən də yüksəkdir və belə kənd məktəblərinin sayı yüzlərlədir, bu isə dövlət üçün əhəmiyyətli məsələdir.
Ekspert qeyd edib ki, ümumilikdə həmin məktəblərdə distant təhsili həyata keçirmək mümkündür və şagirdlər bunu uğurla qəbul edirlər.
"Bəzi hallarda kənddə məhdud məlumatlı müəllimdən fərqli olaraq, daha geniş imkanlara və bilik-bacarıqlara malik müəllimlərin tədrisi müəyyən üstünlüklər gətirir. Təbii ki, bunun həm müsbət, həm də mənfi tərəfləri var. Ümid edirik ki, bu proses daha çox müsbət istiqamətə yönəldilsin və yaxşı şəkildə təşkil edilsin".
Rəfiqə Namazəliyeva,
AzNews.az