Ombudsman: Multikulturalizm və tolerantlıq hər bir Azərbaycan vətəndaşının gündəlik həyat tərzinə çevrilib

24 Dekabr 2025 11:23 (UTC+04:00)

Azərbaycan bu gün dünyada müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən Din Xadimlərinin II Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Ombudsman qeyd edib ki, tarix boyu azərbaycanlıların həyat tərzi olan multikulturalizm və tolerantlıq bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının gündəlik həyat tərzinə çevrilib:

"Azərbaycan tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müsbət təcrübələri təbliğ etməklə yanaşı, bu sahədə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrinin bir araya gəlməsi istiqamətində kifayət qədər mühüm tədbirlər həyata keçirir".

S.Əliyeva xatırladıb ki, milli qanunvericilikdə insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin, dini cərəyanların yayılması və təbliği qadağan olunub:

"Dini mənsubiyyətlə bağlı qeyd edilənlər Azərbaycanda yalnız qanunvericilik səviyyəsində deyil, real həyatda da müsbət formada tətbiqi müşahidə edilən məsələlərdir. Ölkədə fəaliyyət göstərən məscid, kilsə və sinaqoqlara dövlət tərəfindən davamlı olaraq dəstək göstərilməsi, multikulturalizmin mənəvi irsimizi zənginləşdirən bir amil kimi təbliğ edilməsi də özü-özlüyündə bu sahəyə töhfə verir".

O həmçinin bugünkü Forumda iştirak edən xarici qonaqların, dini konfessiyaların nümayəndələrinin diqqətinə çatdırıb ki, erməni işğalı dövründə məscidlərin, dini abidələrin demək olar ki, hamısı dağıdılaraq məhv edilib, təhqirlərə məruz qalıb, qəbiristanlıqlarda kütləvi şəkildə minalar basdırılıb:

"Ombudsman təsisatı olaraq, məscidlərin, dini abidələrin və qəbiristanlıqların erməni vandalizm aktlarına məruz qalmalarını əks etdirən faktları aidiyyəti hesabatlarımızda əks etdirərək dünya ictimaiyyətinin, o cümlədən müxtəlif dini icma və konfessiyaların diqqətinə çatdırmışıq".