Zelenski: Sülh planı üçün referendum keçirilə bilər

24 Dekabr 2025 17:27 (UTC+04:00)

Ukrayna ilə Rusiya arasında davam edən müharibənin dayandırılması istiqamətində aparılan intensiv sülh səyləri çərçivəsində mühüm bir inkişaf baş verib.

Ukrayna mediasının məlumatına görə, Kiyevdə jurnalistlərə açıqlama verən Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropalı müttəfiqlərlə birlikdə üzərində işlədikləri sülh planını dəyərləndirib. Zelenski vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyü və təhlükəsizlik zəmanətləri onlar üçün son dərəcə vacibdir.

REFERENDUM KEÇİRİLƏ BİLƏR

Müvafiq təhlükəsizlik şəraiti yarandığı təqdirdə ölkədə prezident seçkilərinin keçirilə biləcəyinə diqqət çəkən Zelenski, sülh planı ilə bağlı referendumun da mümkün olduğunu bildirib.

Zelenski deyib:

“Ukrayna bu razılaşmanı (sülh planını) təsdiqləmək üçün onu parlamentə təqdim edəcək və ya ölkə miqyasında ‘bəli’ və ya ‘xeyr’ formatında referendum keçirəcək. Ukrayna eyni vaxtda referendumla yanaşı seçkilərin (prezident seçkilərinin) keçirilməsinə də qərar verə bilər.”

REFERENDUM ÜÇÜN ATƏŞKƏS ŞƏRTDİR

Seçkilərin və ya referendumun keçirilməsi üçün ən azı 60 günlük atəşkəsin vacib olduğunu vurğulayan Zelenski bildirib:

“Müharibənin sonunu müəyyənləşdirən genişmiqyaslı razılaşma ilə referenduma gedə bilərik. Çünki insanlar bu nəticənin bizim üçün qəbul edilə bilən olub-olmadığını seçə bilərlər. Referendumun keçirilməsi üçün minimum 60 gün lazımdır və bu müddət ərzində real atəşkəs təmin edilməlidir. Əks halda referendum keçirməyəcəyik.”

Zelenski əlavə edib ki, Ukrayna Parlamenti ölkədə seçkilərin tarixini yalnız sülh sazişi imzalandıqdan sonra müəyyən edə bilər.

Ukrayna Prezidenti onu da qeyd edib ki, müharibə səbəbilə 2022-ci ildən qüvvədə olan hərbi vəziyyət ləğv edildikdən sonra ölkədə yerli və parlament seçkilərinin keçirilməsi mümkün olacaq.

Mövsüm,

AzNews.az