"Ermənistan müxalifətinin son günlərdə Azərbaycan Silahlı Qüvvələrinin guya Zəngəzur və Mehri istiqamətində hərbi əməliyyatlara hazırlaşdığı barədə açıqlamaları, əslində, Paşinyan hökumətinə qarşı planlı siyasi kampaniyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bu iddiaların məqsədi həm Paşinyanın daxili reytinqini aşağı salmaq, həm də ictimaiyyətdə qorxu və təşviş yaratmaqdır. Xüsusilə radikal müxalifət və bəzi keçmiş hərbçilərin səsləndirdiyi bu cür açıqlamalar faktiki olaraq informasiya müharibəsi elementinə çevrilib və Ermənistan ictimaiyyətində əsassız panika yaratmaq üçün istifadə olunur. Ermənistan Müdafiə Nazirliyinin bunu “İrəvana qarşı növbəti informasiya hücumu” və “hibrid təhdid” kimi qiymətləndirməsi, həmçinin hüquq-mühafizə orqanlarından reaksiya gözləməsi hadisənin siyasi manipulyasiya olduğunu göstərir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Qeyd edək ki, Ermənistan müxalifəti Paşinyan hökumətini pis vəziyyətdə qoymaq, reytinqini və nüfuzunu azaltmaq üçün hər yola əl atır. Xüsusilə bir sıra radikal müxaliflər və bəzi keçmiş hərbçilər guya Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana, Zəngəzura “hücum hazırlığına başladığını”, “şərti sərhədlərdə eskalasiya riskinin olduğunu” iddia edərək erməni ictimaiyyətində əsassız təşviş yaratmağa cəhd göstərirlər. Ermənistan Müdafiə Nazirliyi yaydığı bəyanatda bu tip açıqlamaları İrəvana qarşı növbəti informasiya hücumu adlandırıb. Nazirlik bu cür şayiələri hibrid təhdidlər kimi qiymətləndirib və hüquq-mühafizə orqanlarından müvafiq reaksiya gözlədiyini vurğulayıb. Qeyd edək ki, ötən gün keçmiş hərbçi Naira Gevorkyan Azərbaycan Silahlı Qüvvələrinin guya Mehri istiqamətində uğursuz hücum həyata keçirdiyini, Ermənistan bölmələrinin isə atəş açmamaq əmri aldığını iddia etmişdi.
Siyasi şərhçi bildirib ki, Paşinyan hökuməti üçün bu cür kampaniyalar həm daxili, həm də xarici siyasət baxımından risklidir.
"İctimaiyyətin əsassız qorxuya yönləndirilməsi dövlətin sülh və sabitlik təşəbbüslərinə zərbə vurur. Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı mərhələsində, xüsusilə sərhəd bölgələrində və danışıqlar prosesi çərçivəsində bu tip açıqlamalar münaqişənin gərginləşdirilməsi riskini artırır və sülh gündəliyinə mənfi təsir edir. Əlavə olaraq, müxalifətin məqsədi yalnız Paşinyanı tənqid etmək deyil, həm də regional narahatlıq yarada-yara Azərbaycan–Ermənistan sülh prosesini ictimai rəydə delegitimləşdirməkdir. Beləliklə, bu hadisələr təkcə siyasi manipulyasiya deyil, həm də strateji informasiya-hibrid təhdidinin əyani nümunəsidir. Ermənistan müxalifətinin məqsədi həm daxili auditoriyada hakimiyyəti zəiflətmək, həm də xarici siyasətdə ölkənin mövqeyini sarsıtmaqdır. Azərbaycan tərəfindən isə belə cəhdlər diqqətlə izlənilməli, sərhəd sabitliyinin qorunması, həmçinin regional sülh və təhlükəsizliyin təmin edilməsi prioritet olmalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az