“Azərbaycan–Türkiyə təhsil əməkdaşlığı strateji səviyyədədir” - Ramin Nurəliyev

24 Dekabr 2025 19:56 (UTC+04:00)

“Azərbaycanla Türkiyə arasında tarixi köklərə söykənən möhkəm dostluq və qardaşlıq münasibətləri mövcuddur və bu münasibətlər bu gün də iki dövlət rəhbərliyinin yüksək siyasi təşəbbüsü ilə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış səmimi dostluq münasibətləri, şübhəsiz ki, iki qardaş dövlət arasında əlaqələrin bütün sahələrdə, o cümlədən təhsil istiqamətində daha da inkişafına mühüm təsir göstərir. Azərbaycanlı gənclərin Türkiyənin ali təhsil müəssisələrində təhsil alması, həmçinin Azərbaycan və Türkiyənin təhsil nazirləri arasında mövcud olan əməkdaşlıq iki ölkə arasında təhsil münasibətlərinin inkişaf etdiyini göstərir. Bununla yanaşı, Azərbaycan–Türkiyə Universitetinin ölkəmizdə fəaliyyət göstərməsi, eləcə də Türkiyəyə məxsus Diyanət və Anadolu liseylərinin Azərbaycanda təhsil verməsi bu sahədə əməkdaşlığın geniş vüsət aldığının göstəricisidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında təhsil sahəsində formalaşmış dərin əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illər daha da inkişaf edir. Lakin mövcud uğurlarla yanaşı, bəzi problemlər də mövcuddur. Baş nazir Əli Əsədov Azərbaycan–Türkiyə Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclasında çıxışı zamanı bəzi Azərbaycan universitetlərinin məzunlarının Türkiyədə təhsillərini davam etdirə bilməməsi məsələsinə toxunaraq, problemin həllinin iki ölkə arasında təhsil əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb. Baş nazir bildirib ki, bunun səbəbi həmin universitetlərin diplomlarının Türkiyənin Ali Təhsil Şurası tərəfindən tanınmamasıdır.

Ekspert qeyd edib ki, bütün bu müsbət məqamlara baxmayaraq, hazırda müəyyən problemlər də mövcuddur.

"Belə ki, Azərbaycanın iki ali təhsil müəssisəsinin — Bakı Mühəndislik Universitetinin və Gəncə Texnologiya Universitetinin diplomları hazırda Türkiyədə tanınmır. Bu vəziyyətin əsas səbəbi keçmişdə mövcud olmuş siyasi amillərlə əlaqələndirilir. Məlum olduğu kimi, Bakı Mühəndislik Universiteti əvvəl Qafqaz Universiteti adı altında fəaliyyət göstərib. Qafqaz Universitetinin qurucularının Türkiyədə müəyyən siyasi proseslərlə əlaqələndirilməsi səbəbindən bu universitetin məzunlarının, eləcə də hazırda Bakı Mühəndislik Universitetində təhsil alanların diplomları Türkiyədə, xüsusilə magistratura səviyyəsində qəbul edilmir. Eyni yanaşma Gəncə Texnologiya Universitetinə də şamil olunur. Belə ki, burada da əvvəllər Qafqaz Universitetində fəaliyyət göstərmiş müəllimlərin çalışdığı ehtimal edildiyi üçün diplomların tanınmaması davam etdirilir. Halbuki Qafqaz Universiteti artıq fəaliyyətini dayandırıb və Bakı Mühəndislik Universiteti hazırda tamamilə yeni rəhbərlik və müəllim heyəti ilə fəaliyyət göstərir və Azərbaycan təhsil sisteminə öz töhfəsini verir. Eyni vəziyyət Gəncə Texnologiya Universiteti üçün də keçərlidir. Bu məsələlərin aidiyyəti qurumlar, o cümlədən Baş nazir səviyyəsində də diqqətə çatdırıldığı ehtimal olunur və düşünürəm ki, Türkiyə tərəfi bu reallıqları nəzərə alacaq. Ümumilikdə, Azərbaycanın ali təhsil müəssisələrinin böyük əksəriyyətinin diplomlarının Türkiyədə tanındığı halda, yalnız iki universitetlə bağlı məhdudiyyətin qalması müəyyən narazılıq doğurur. Bununla yanaşı, qeyd edilməlidir ki, Türkiyədə tibb ixtisası üzrə təhsil alanların diplomlarının imtahan yolu ilə tanınması praktikasına Azərbaycanda da analoji şəkildə yanaşılır. Azərbaycanda xarici ali təhsil müəssisələrinin diplomlarının tanınması üçün Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə rəsmi müraciət edilir və bəzi ixtisaslar üzrə əlavə imtahanlar keçirilir. Bu, qanunvericiliklə tənzimlənən və normal bir prosedurdur. Hazırda Azərbaycanla Türkiyə arasında təhsil sahəsində ciddi sistemli problem mövcud deyil. İki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycan–Türkiyə Universitetinin yaradılması, Türkiyəli iş adamlarının Azərbaycanda fəaliyyəti, eləcə də Azərbaycanın Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrdə təhsil müəssisələrinin açılmasına verdiyi dəstək bunun bariz nümunəsidir. Türkiyənin Azərbaycanda Dəyanət və Anadolu liseylərinin fəaliyyəti də təhsil sahəsində əməkdaşlığın genişlənməsindən xəbər verir. Eyni zamanda qeyd etmək lazımdır ki, qarşılıqlı şəkildə bəzi təhsil formalarının diplomları tanınmır. Məsələn, Türkiyədə açıq-öyrətim və qiyabi təhsil alan Azərbaycan vətəndaşlarının diplomları Azərbaycanda tanınmır. Bunun əsas səbəbi Azərbaycanda açıq-öyrətim və distant təhsil formalarının tətbiq olunmamasıdır. Bu qayda digər ölkələrdə, o cümlədən Ukraynada distant təhsil alanlara da şamil olunur. Bu məhdudiyyətlər Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyindən irəli gəlir və mövcud mərhələdə bundan kənara çıxmaq mümkün deyil. Gələcəkdə ölkəmizdə distant təhsil forması tətbiq olunarsa, bu məsələlərə yenidən baxıla bilər. Nəticə etibarilə, hər bir dövlətin özünəməxsus təhsil qaydaları mövcuddur və əməkdaşlıq məhz bu çərçivədə həyata keçirilir. Buna baxmayaraq, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edir və bu proses gələcəkdə daha da dərinləşməlidir. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən Azərbaycan–Türkiyə Universiteti kimi, Türkiyədə də Azərbaycan–Türkiyə birgə universitetinin açıldığını görəcəyik".

Rəfiqə Namazəliyeva,

AzNews.az