“Beynəlxalq hüquq uzun illərdir ciddi zərbə altındadır” - Həşim Səhrablı

24 Dekabr 2025 22:05 (UTC+04:00)

“Müharibənin uzanması əlbəttə ki, beynəlxalq hüququn ciddiliyinə kölgə salır. Amma Rusiya-Ukrayna müharibəsindən əvvəl də beynəlxalq hüququn ciddiliyinə kölgə salan kifayət qədər faktlar var idi. Mənə elə gəlir ki, hər şey artıq başlamışdır. Başlanğıc nöqtələrindən biri ABŞ-nin İraqa müdaxiləsi idi. Hər nə qədər oradakı rejim diktatura və cəllat olsa da, İraq xalqına qarşı törədilən cinayətlərdə Qərbin, xüsusən ABŞ-nin özünə haqq qazandıracaq heç bir tərəfi yox idi. Lakin təkcə Qərbin etdikləri ilə bitmir. Şərqdəki qırğınlar, Rusiyanın 2008–2009-cu illərdə Gürcüstana qarşı təcavüzü, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti və 2014-cü ildə Kırımın Rusiya tərəfindən işğal edilməsi də beynəlxalq hüququn ciddiliyinə ciddi zərbə vurmuşdur. Görünür, bundan əvvəl də beynəlxalq hüququn ciddiliyinə kölgə salan bir çox faktlar olub və bu siyahını daha da genişləndirib daha çox nümunələr gətirmək mümkündür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi artıq dörd ilə yaxındır davam edir. Bu müddət ərzində atəşkəsin təmin olunması və sülhün bərqərar olması üçün müxtəlif təkliflər irəli sürülməsinə baxmayaraq, effektiv nəticə əldə olunmayıb. Hətta bir sıra beynəlxalq güc mərkəzlərinin təqdim etdiyi planlar da problemi həll edə bilməyib. Əksinə, müharibənin davam etməsini dəstəkləyən Avropa İttifaqı Ukraynaya iki illik müddət üçün, öz büdcəsi hesabına maliyyələşdirilən 90 milyard avro həcmində faizsiz kredit ayırmağa razılıq verib. Beynəlxalq çağırışların Ukrayna daxil olmaqla digər bölgələrdə davam edən münaqişələri dayandıra bilməməsi, aktual problemlərdən biridir.

Siyasi şərhçi qeyd edib ki, beynəlxalq sistem nəzəri cəhətdən özünü doğrulda bilsə də, praktikada bunu göstərə bilməyib.

"Bunun bir sıra səbəbləri var, amma əsas faktor kimi onu qeyd etmək olar ki, beynəlxalq sistemi təşkil edən və onun əsas dayaqları sayılan beynəlxalq təşkilatların, məsələn BMT və digər regional və dünya təşkilatlarının güc mexanizmləri yoxdur. Məsələn, BMT qətlame verir ki, Ermənistan ordusu Qarabağdan çıxmalıdır və işğal edilən əraziləri tərk etməlidir. Nəzəri olaraq bu qərar doğru və yerindədir. Amma sonrası yoxdur. Prosesə kim nəzarət edəcək? BMT-nin bu qərara riayət etməyən Ermənistanı cəzalandırmaq üçün hansı güc mexanizmləri var idi? Ordusu, silahlı qüvvələri və ya güc mexanizmləri yoxdur. Yalnız BMT-nin sülhməramlı missiyaları mövcuddur. Sülhməramlı missiyalar adından da bəlli olduğu kimi, yalnız sülhü qorumaqla mükəlləfdirlər. Onların beynəlxalq hüquqa riayət etməyən tərəfləri cəzalandırmaq kimi bir gücü yoxdur. Burada iddia etmək doğru olmaz ki, sabah hansısa beynəlxalq təşkilata bir güc mexanizması əlavə olunacaq və o da beynəlxalq hüququ qoruyacaq. Beynəlxalq sistem nəzəri cəhətdən işləyir, amma praktikada təsirini göstərə bilmir. BMT Təhlükəsizlik Şurasına baxdıqda isə görürük ki, orada Rusiya, Çin, Fransa, Böyük Britaniya və ABŞ kimi imperial dövlətlər iştirak edir. Hər biri beynəlxalq sistemin əsas tərəfi olmaqla, dünya siyasətində öz maraqlarını güclü şəkildə qoruyur. Ona görə də beynəlxalq hüquq və sistem nəzarət baxımından nəzəri olaraq mövcuddur, amma praktikada özünü doğrulda bilmir. İndi sual yaranır: Ukrayna müharibəsini necə dayandırmaq olar? Hazırda bunu etmək mümkün görünmür, çünki Ukrayna və Rusiya döyüşən tərəflərdir və prosesə müxtəlif xarici tərəflər müdaxilə edir. Lakin hər iki tərəf maksimalist siyasət yürüdür. Rusiya hakimiyyəti bütün tələblərinin yerinə yetirilməsini istəyir və bu yolla Ukraynanın suverenliyini təhdid edir. Ukrayna hakimiyyəti də öz maraqlarını qorumaq üçün maksimalist tələblər irəli sürür. Bu da Rusiyanın xoşuna gəlmir və uzlaşma əldə olunmur. Eyni zamanda ABŞ və Qərb də prosesə öz maraqlarına uyğun yanaşır və nəticədə çıxılmaz vəziyyət yaranır. Müharibənin bitməsinin ən əsas və effektiv yolu tərəflərdən birinin məğlub olmasıdır. Yəni ya Ukrayna ordusu tamamilə məğlub olur, ya da Rusiya ordusu. Məğlub tərəf kapitulyasiya haqqını imzalayacaq və müharibə bitəcək. Məğlub olan tərəfin yaşayışı və yaralanmaları ayrıca məsələdir, amma sırf müharibənin başa çatması baxımından bu əsas faktora çevriləcək. İkinci yol isə uzlaşmadır. Bu zaman hər iki tərəf maksimalist siyasətlərindən imtina etməli, qarşı tərəfin hüquqlarını qəbul etməli və müəyyən güzəştlərə getməlidir. Rusiya Ukraynanın haqqını, hüququnu görməli və anlayışla yanaşmalıdır. Eyni zamanda Ukrayna da sahədəki reallığı görərək, qərbdən asılı vəziyyətdə olmamaq üçün bəzi güzəştlərə getməli və ortaq məxrəcə yönəlməlidir. Münaqişəni dondurmaq isə effektiv yol deyil. Əgər müharibəni dondursan, 3 ay sonra və ya 3 il sonra yenə başlayacaq. 2014-cü ildə belə dondurma tətbiq olundu və 8 il sonra daha sərt müharibə başladı. Beləliklə, hazırda ya Ukraynaya dəstək verən tərəflər və ya Rusiyanı dəstəkləyən qüvvələr bütün resurslarını səfərbər edib digər tərəfi diz çökdürməli, ya da uzlaşma yolunu taparaq problemi həll etməlidirlər. Müvəqqəti dondurma və ya qismən razılaşmalar bu problemi həll edə bilməz və uzunmüddətli çıxış yolu deyil".

Rəfiqə Namazəliyeva,

AzNews.az