ABŞ-ın Lemkin İnstitutunun ABŞ Prezidentinə Ruben Vardanyan daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərməyə dair müraciətinə cavab olaraq, 2025-ci il dekabrın 25-də Azərbaycan QHT-ləri Donald Trampa Açıq Məktub yazıb.
Aznews.az xəbər verir ki, buna qədər - 2025-ci il dekabrın 23-də Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunun özünə də Açıq Məktub ünvanlayaraq, bu təsisatı Ermənistandakı revanşist qrupun maraqlarını ifadə etməkdə, Azərbaycan və Ermənistan arasında sülh gündəliyini sarsıtmağa çalışmaqda ittiham edib. Qeyd olunub ki, Xocalı soyqırımı kimi kütləvi qırğınlara göz yuman Lemkin İnstitutu ilk növbədə elan etdiyi missiyaya xəyanət edir. Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutunu təxribatçı çağırışlarına görə Azərbaycan ictimaiyyətindən üzr istəməyə çağırıb.
Azərbaycan QHT-lərinin ABŞ Prezidentinə "Hüquq, sabitlik və Tramp dəhlizi baxışının beynəlxalq sülh və rifah naminə müdafiəsi" adlanan müraciətində deyilir:
"Cənab Prezident,
Biz - Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri, insan hüquqları müdafiəçiləri və onilliklər boyu davam etmiş etnik təmizləmənin qurbanları dünyanı xoş niyyətlə istiqamətləndirən lider olaraq Sizə ən səmimi salamlarımızı çatdırırıq. Sizin liderliyinizdə qlobal sülhə dəyər verən və başqalarının mümkünsüz hesab etdiyi tarixi razılaşmaları vasitəçilik yolu ilə əldə etmək cəsarətini özündə ehtiva edən iradə görürük.
Şəxsən təşviq etdiyiniz sülhü sarsıtmağa yönəlmiş Lemkin İnstitutu adlandırılan qurum tərəfindən aparılan son kampaniyalarla bağlı əsaslandırılmış faktları təqdim etmək məqsədilə Sizə müraciət edirik.
Milad və Yeni ilin emosional ab-havasını fürsət bilən bu qrup həbsdəki məlum şəxslərin azadlığa buraxılması üçün təzyiq göstərməyə çağırış etsə də, onlar bu ritorika ilə deyil, törətdikləri əməllərə görə qiymətləndirilməlidir. Məhz bu şəxslərin cinayətkar fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən beşdə biri 30 ildən artıq müddət ərzində Ermənistanın işğalı altına düşüb, bir milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalıb.
Sülh yaradan liderliyiniz sayəsində Cənubi Qafqaz regionu son 35 ilin ən dinc dövrünü yaşayır. Bu nailiyyət 8 avqust 2025-ci ildə tarixi Vaşinqton Birgə Bəyannaməsi vasitəsilə şəxsən Sizin tərəfinizdən təmin edilib.
Cənab Prezident,
Dezinformasiya kampaniyaları aparanlar 30 ildən artıq davam etmiş qanunsuz işğal dövründə terrorizmin maliyyələşdirilməsi, təcavüzkar müharibənin aparılması və insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə bağlı ittiham olunan şəxsləri "girovlar" kimi qələmə verməyə çalışırlar. Onların əməlləri nəticəsində bir milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, yüzlərlə mülki yaşayış məntəqəsi sistemli şəkildə məhv edilib.
Saxlanılan şəxslərdən biri əvvəlki dövrdə USAID rəhbəri Samanta Pauer ilə sıx əlaqələri olan, Rusiya-Ermənistan əsilli oliqarx Ruben Vardanyandır. O, Cənubi Qafqaz regionunda sülhün əldə olunmasının qarşısını almaq məqsədilə Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində yaradılmış oyuncaq rejimə "dövlət naziri" kimi göndərilmişdi.
Azərbaycan bu məhkəmə proseslərini şəffaf şəkildə və beynəlxalq öhdəliklərinə uyğun olaraq həyata keçirir. Ruben Vardanyanla bağlı iş də daxil olmaqla, hüquqi icraatlar məhkəmə kollegiyaları tərəfindən aparılır və ictimaiyyət üçün açıqdır. Bunu dini təqib kimi təqdim etmək cəhdləri tamamilə əsassızdır. Azərbaycan müsəlmanların, xristianların və yəhudilərin əsrlər boyu harmoniyada yaşadığı dünyəvi bir ölkə olaraq qalır. Məsələn, ötən ay Bakı şəhərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəsmi toplantısı keçirilmişdir. Eyni zamanda, tikintisi Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən ikinci katolik kilsəsi hazırda paytaxtda inşa olunmaqdadır. Bu faktlar bir daha Azərbaycanın dinlərarası dialoqa və tolerantlığa sadiqliyini nümayiş etdirir. Bu kimi çoxsaylı nümunələr vardır.
Cənab Prezident,
Ermənistan ilə Azərbaycan arasında baş vermiş münaqişə heç vaxt dini xarakter daşımamışdır. Bəzi bədxahlar Sizin şəxsi iştirakınız sayəsində regionda əldə olunmuş sülhü sarsıtmağa cəhd edir. Vaşinqton razılaşmalarının ruhuna uyğun olaraq, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərə başlanılıb və iqtisadi əlaqələr bərpa edilir.
Siz və Administrasiyanız dünyaya göstərdi ki, Amerikanın gücü sülhün qurulması və ədalətin təmin edilməsindədir. Azərbaycan və Ermənistan liderlərinin Sizin Nobel Sülh Mükafatı ilə təltifiniz üçün Nobel Sülh Komitəsinə müraciət etməsini alqışlayırıq.
Sizin liderliyiniz sayəsində dünyanın müxtəlif bölgələrində onilliklər boyu davam etmiş bir sıra münaqişələr artıq keçmişə çevrilib. Biz inanırıq ki, Lemkin İnstitutu kimi pozucu qüvvələr Amerika ictimaiyyətini yanlış istiqamətləndirmək məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər.
Liderliyinizə dərin hörmətlə,
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri:
1. Ramil İskəndərli - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri
2. Vladimir Timoşenko – istefada olan general-mayor, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü
3. Novella Cəfəroğlu – Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri
4. Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri
5. Səltənət Qocamanlı - İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri
6. Əmir Əliyev – İnsan Hüquqlarının Təşviqi Mərkəzinin sədri
7. Əliməmməd Nuriyev – "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri
8. Zaur Məmmədov - Bakı Politoloqlar Klubunun sədri
9. Rey Qasımov - Azərbaycanda Minadanzərərçəkənlər Assosiasiyasının sədri
10. Hafiz Səfixanov - Minalar Əleyhinə Azərbaycan Kampaniyasının rəhbəri
11. Zaur İbrahimli - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri
12. Könül Behbudova – "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri
13. Ayaz Mirzəyev – "Azərbaycan Jurnalistlər Şəbəkəsi"nin sədri
14. Dilqəm Əhməd – "Çapar" Milli İrsin Tədqiqi Mərkəzinin sədri
15. Fuad Məmmədov – "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri
16. Fariz Xəlilli – "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri
17. Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
18. Mübariz Əsgərov – "Obyektiv" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri
19. Şəhla Nağıyeva – "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri
20. Qəmər Bağırova – Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri
21. Sevinc Əlizadə – "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
22. Tünzalə Abdüləlimova – "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
23. Ceyran Həsənova – "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri
24. Aqil Camal – Ortaq Dəyərlər İctimai Birliyinin sədri
25. Vüqar Qədirov – Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı İctimai Birliyinin sədri
26. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri
27. Əhməd Abbasbəyli - Cəmiyyətin İnkişafı Mərkəzinin sədri
28. İradə Rizazadə - Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri
29. Kəramət İsmayılov – İqtisadi Və Sosial İnkişaf Mərkəzinin sədri
30. Fikrət Yusifov – "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri".