“Trampın hakimiyyətə gəlişi Avro-Atlantika blokunda çat yaradıb” - Əli Mustafayev

25 Dekabr 2025 21:56 (UTC+04:00)

“Trampın hakimiyyətə gəlişi ilə Avro-Atlantika blokunda ciddi çat yaranıb. Bunun iki əsas səbəbi var. Birincisi, dünya düzəni dəyişir. Köhnə, Qərb mərkəzli dünya yeni çoxqütblü dünya ilə əvəzlənir. İkincisi, bu, Tramp administrasiyasının siyasəti ilə bağlıdır. Dərin qatlarda isə bu iki səbəb bəzən birləşir. Obyektiv səbəb budur ki, yeni, çoxqütblü dünya formalaşdıqca Amerika və Avropanın maraqları ayrılır. Onlar fərqli güc mərkəzləri kimi inkişaf edə və bu, təbii ayrışma prosesi kimi başa düşülə bilər. Subyektiv səbəb isə Trampın baxışları ilə bağlıdır; ola bilsin ki, onun yerinə başqa şəxs seçilsəydi, Amerika və Avropa arasında belə bir çat yaranmazdı".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Xatırladaq ki, son illərdə ABŞ-Avropa münasibətlərində gərginliyin artması müşahidə olunur. ABŞ-nin bəzi Avropa ictimai fiqurlarına viza sanksiyaları tətbiqi həm diplomatik, həm də siyasi etimadsızlığı gücləndirir. Bu addımlar Avropa dövlətlərinin strateji müstəqillik axtarışını sürətləndirir və alyans daxilində mövcud birliyin qorunmasına təzyiq göstərir. Nəticədə transatlantik əlaqələrdə yaranan böhran yalnız diplomatik sahəyə təsir göstərmir, həm də NATO-nun kollektiv təhlükəsizlik funksionallığı və alyansın gələcək mövqeyi baxımından risklər yaradır.

Siyasi şərhçi qeyd edib ki, Tramp hesab edir ki, Amerika sonsuza qədər Avropanı himayə etməməlidir.

"Avropanın öz sosial rifahı, maliyyəsi və sənayesi var; o, öz təhlükəsini qorumaq üçün pul xərcləyə bilər. Trampın fikrincə, Amerika dünyada təhlükəsizliyi təmin edir, Avropalılar isə bu hesabına rifah içində yaşayırlar. Bu, onun üçün ədalətsiz görünür. O hesab edir ki, Avroatlantika bloku fərqli prinsiplər əsasında öz təhlükəsini təmin etməlidir. Konkret olaraq, Avropa ölkələri öz təhlükələrinə pul xərcləməli, NATO-nu yalnız Amerika saxlamamalıdır; Avropa da müdafiə xərclərinə vəsait ayırmalıdır. Trampın yanaşması ABŞ-Avropa münasibətlərində gərginlik yaradır. Ukrayna məsələsində Amerikanın yardımını azaltması və maddi yardımdan imtina etməsi NATO-da da müəyyən gərginliklərə səbəb olur. Digər tərəfdən, ABŞ-nin özündə ciddi daxili problemlər mövcuddur, və Tramp diqqəti əsasən Çinin yüksəlişi, Sakit Okean bölgəsində təhlükəsizlik məsələləri üzərində cəmlənib. Bu səbəbdən Filippin, Yaponiya və Cənubi Koreya kimi müttəfiqlər artıq müəyyən narahatlıqlar yaşayırlar. Tramp administrasiyası həm Avropadan, həm də Sakit Okean bölgəsindən çəkilə bilər. Bu halda Rusiya və Çin müəyyən üstünlük əldə edə bilər. Belə ehtimallar mövcuddur ki, Rusiya Trampın siyasətindən istifadə edərək Avropanı zəiflətməyi hədəfləyir, hətta Ukraynanı işğal etmək imkanını artırır. Buna baxmayaraq, ABŞ Konqresinin təşəbbüsü ilə Avropanın müdafiəsi qorunur. ABŞ Avropadakı 100 minlik ordusunu çıxarmağı planlaşdırsa da, qanunlar bunu əngəlləyir. Bu addım Avropa-Amerika münasibətlərində tarazlığı qorumağa yönəlib. Tramp hakimiyyəti dövründə ABŞ-Avropa münasibətləri tədricən sərinlədi, amma NATO-nun dərhal parçalanması ehtimalı azdır. Əgər Tramp hakimiyyətdən gedərsə və ya seçkilərdə dəyişiklik olarsa, Avroatlantika birliyi yenidən güclənə bilər. Bütün bunlar Qərb mərkəzli dünya ilə çoxqütblü dünyanın qarşıdurmasını ortaya qoyur. Çünki Amerika və Avropa birlikdə olduqda dəyişikliklər etmək çətinləşir. Eyni zamanda, Çin və digər yüksələn dövlətlər hesab edirlər ki, dünya yalnız qərbdən idarə edilməməlidir. Bu isə strateji çətinliklər və kompleks qarşıdurmalar yaradır".

Rəfiqə Namazəliyeva,

AzNews.az