“Azərbaycan Prezidentinin siyasəti nəticəsində bölgədə yeni bir siyasi vəziyyət formalaşıb. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda durum köklü şəkildə dəyişdi. Bu, həm regional, həm də qlobal geosiyasi baxımdan bölgədə yeni siyasi reallıq yaradıb. 44 günlük müharibədən sonra Zəngəzur dəhlizi layihəsi gündəmə gəldi. Bu layihə qlobal güclərin və maraqların toqquşduğu bir layihələrdən biridir. ABŞ bu dəhlizə nəzarət etməkdə maraqlıdır, Avropa İttifaqı və Rusiya da layihəyə maraq göstərir. Lakin Zəngəzur dəhlizinin işləməsi və istifadəyə verilməsi Azərbaycanın iradəsindən asılıdır. Azərbaycan vətəndaşlarının Naxçıvan istiqamətində təhlükəsiz və toxunulmaz gediş-gəlişi təmin edilməlidir; bu şərtlər yerinə yetirilmədən dəhlizin açılması mümkün deyil”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, son dövrlərdə Avropa İttifaqının Cənubi Qafqaza, xüsusilə Zəngəzur regionuna marağı artıb. Aİ-nin təşəbbüsləri geosiyasi, iqtisadi və nəqliyyat-logistika aspektlərini əhatə edir və regionun strateji inkişafına imkan yarada bilər. Ekspertlər bildirir ki, Azərbaycanın razılığı ilə Aİ-nin Zəngəzur dəhlizi layihəsində iştirakı Bakı-Brüssel münasibətlərində yaxınlaşma, investisiya axını və regional inteqrasiyanın sürətlənməsinə səbəb olacaq.
Siyasi şərhçi bildirib ki, Azərbaycan bölgədə sülhün tərəfdarıdır.
"Ermənistana nəqliyyat infrastrukturunun açılması, taxıl, enerji və digər resursların daşınması Azərbaycanın bölgədə stabilliyi qorumaq istədiyini göstərir. Eyni zamanda, bölgədə qlobal güclərin maraqları diqqət mərkəzindədir; Avropa İttifaqının Cənubi Qafqazda strateji maraqları mövcuddur. İqtisadiyyat və siyasət bir-biri ilə sıx bağlıdır. Azərbaycan Avropaya enerji təhlükəsizliyi təmin edir və strateji müttəfiqlik əlaqələri yaradır. Bölgədə böyük layihələr həyata keçirilir və Avropa ilə münasibətlərin bərpası gündəmə gəlir. Lakin keçmişdə Avropa İttifaqının Azərbaycana qarşı qərəzli davranışını müşahidə etmişik; müxtəlif qurumlar Azərbaycana qarşı qərəzli bəyanatlar verib və qərarlar qəbul ediblər. Belə olan halda Azərbaycan da özünü müdafiə edir. Cənubi Qafqaz Qərbin maraqları ilə üz-üzə qalan strateji bir məkandır. Strateji layihələr, enerji nəqliyyat dəhlizləri, Şimal-Cənub dəhlizi kimi layihələr Azərbaycan üzərindən həyata keçirilir və bu da Azərbaycanı regionda aparıcı dövlətə çevirir. Prezidentin balanslaşdırıcı siyasəti bölgədə sabitliyi təmin edir və iqtisadi maraqları diqqət mərkəzinə çıxarır. Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan stabil bir dövlətdir. Cənubi Qafqazın digər dövlətləri, məsələn Gürcüstan, Rusiyayla qarşıdurma içərisindədir; Ermənistan isə ABŞ-nin təsiri altında bölgədə gərginlik mənbəyinə çevrilib. Bu vəziyyət daxili xaos və iqtisadi problemlərlə müşahidə olunur. Azərbaycanın balanslaşdırıcı siyasəti şimal, cənub, şərq və qərb istiqamətlərində maraqları uzlaşdırır. Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdırılması Azərbaycanın maraqlarına uyğundur, lakin bu qarşılıqlı olmalıdır. Qərəzli yanaşmalar mövcud olduqda Azərbaycan adekvat cavab verir. Avropa İttifaqı ilə Ermənistan arasındakı əməkdaşlıq da göstərir ki, Avropa Cənubi Qafqazda Ermənistandan istifadə edərək Azərbaycana təzyiq göstərmək istəyir. Azərbaycan üçün əsas prinsip odur ki, Zəngəzur dəhlizi açılarkən Azərbaycan vətəndaşlarının təhlükəsizliyi təmin edilsin. Dəhlizin nəzarəti ABŞ, Rusiya, Ermənistan və ya Avropa İttifaqının əlində olsun, fərq etməz. Əsas şərt Azərbaycan vətəndaşlarının toxunulmaz keçididir. Bu şərtlər yerinə yetirildiyi halda Azərbaycan bütün tərəflərlə əməkdaşlığa hazırdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az