“Cəmiyyətdə repetitorsuz uğur mümkün deyil düşüncəsi yaranıb” - Elçin Süleymanov

25 Dekabr 2025 22:01 (UTC+04:00)

"Şagirdlərin repetitorlara müraciət etməsi əsasən sinifdə və universitetə qəbul imtahanlarına hazırlıq prosesində yaranan müxtəlif çətinliklərlə bağlıdır. Şagirdlərin fərqli səviyyədə olması, dərs prosesində diqqətin dağılması və digər amillər uzun illərdir formalaşmış bir praktikanın yaranmasına səbəb olub. Cəmiyyətdə “repetitora getməsən, yüksək nəticə əldə edə bilməzsən” düşüncəsi də məhz buradan qaynaqlanır. Əslində isə son illərdə repetitora müraciət etmədən yüksək bal toplayan kifayət qədər abituriyent var. Xüsusilə ucqar dağ kəndlərində — Oğuz, Şəki, Tovuz kimi rayonların kənd məktəblərində oxuyaraq 650–680 bal toplayan gənclər buna nümunədir. Bu baxımdan Məleykə xanımın fikrində həqiqət payı var. Yəni şagird məktəb proqramlarını sistemli və intizamlı şəkildə mənimsəyirsə, mobil telefondan istifadəni minimuma endirirsə, həmçinin Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi fənn proqramları və izahlı test nümunələrindən yararlanırsa, kifayət qədər yüksək nəticə əldə edə bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin abituriyentlərlə bağlı səsləndirdiyi fikirlər tənqidlərə səbəb olub. O, verdiyi müsahibədə bildirib ki, şagird nizam-intizamlıdırsa və öz üzərində işləməyi bacarırsa, repetitora ehtiyac yoxdur. DİM rəhbəri vurğulayıb ki, qurumun nəşr etdiyi dərs vəsaitlərini oxumaq kifayətdir.

Ekspert bildirib ki, repetitorun əsas üstünlüyü şagirdə daha qısa müddətdə test tapşırıqlarını həll etmə bacarığı aşılamaq və sualların quruluşunu daha tez mənimsəməyə kömək etməkdir.

"Digər tərəfdən, sosial faktor da rol oynayır: sinif yoldaşlarının repetitora getməsi digərlərində də geri qalmamaq qorxusu yaradır və onları bu xidmətə yönəldir. Məktəb proqramları və tədrisin keyfiyyəti məsələsinə gəldikdə, xüsusilə paytaxt və Sumqayıtda kifayət qədər güclü məktəblər var ki, həmin məktəblərin şagirdlərinin əhəmiyyətli bir hissəsinin repetitora ehtiyacı qalmır. Xüsusən təmayül siniflərdə oxuyan şagirdlər üçün bu daha aydın görünür. Bu baxımdan bütün məktəblərdə təhsilin keyfiyyətinin aşağı olduğunu demək haqsızlıq olar. Lakin elə məktəblər də mövcuddur ki, son siniflərdə davamiyyət zəifdir, tədris prosesində ciddi problemlər yaşanır. Belə hallarda repetitor şagirdlər üçün əlavə fürsət rolunu oynayır. Digər tərəfdən, imtahan sistemi də repetitorluğun yayılmasına müəyyən mənada şərait yaradır. Test yönümlü imtahanlar bu ehtiyacı artırır. Əgər universitetə qəbul zamanı daha çox məntiqi təfəkkürə, analitik düşüncəyə əsaslanan suallar tətbiq olunsa, bir sıra ölkələrdə olduğu kimi yalnız dil bilikləri və riyazi-məntiqi bacarıqlar əsas meyar kimi götürülsə, düşünürəm ki, şagirdlər repetitor asılılığından qismən də olsa xilas ola bilərlər".

Rəfiqə Namazəliyeva,

AzNews.az