“Azərbaycanda himayəyə hazır ailələr mövcuddur” - Naib Niftəliyev

25 Dekabr 2025 22:05 (UTC+04:00)

"Himayədar ailə modeli bütün dünyada geniş yayılıb və bu model həm müsbət, həm də çatışmayan cəhətləri ilə seçilir. Uşağın hansı ailəyə himayəyə veriləcəyi, valideyn himayəsindən məhrum olmuş uşaqların qayğı ilə əhatə olunması baxımından birbaşa əhəmiyyət kəsb edir. Ola bilər ki, ailə himayəyə götürdüyü uşağın qayğılarını qarşılaya bilməsin. Hazırda ölkədə 60 uşaq himayədar ailələrə verilib. Bunlardan 36-sı qız, 24-ü oğlandır. 28 uşaq 6 yaşadək, 26 uşaq isə 7-13 yaş arasındadır. Dövlət valideyn himayəsindən məhrum olmuş uşaqlara müəyyən vəsait ayırır və himayədar ailələr də bu vəsaiti uşaqların xərclərinə yönləndirirlər. Məsələn, aylıq ödəniş hazırda 400 manatdır, əlavə olaraq isə ildə iki dəfə 800 manatdan artıq vəsait geyim və digər ləvazimatların alınması üçün ayrılır. Bununla yanaşı, eyni diqqət yalnız valideyn himayəsindən məhrum olmuş uşaqlara deyil, valideynləri olan, amma sosial qayğıya ehtiyacı olan uşaqlara da göstərilməlidir. Uşaqların himayəyə verilməsi sosial-demoqrafik siyasətin mühüm faktorlarından biridir".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb. Onlardan 36-sı qız, 24-ü oğlandır; 28-i 6 yaşadək, 26-sı 7-13, 6-sı isə 14-18 yaş arasındadır. Uşaqların 31-i Bakı, 29-u isə müxtəlif rayonlarda himayədar ailələrdə yaşayır. Qanunvericiliyə uyğun olaraq uşaqları himayəyə götürən şəxslərlə müqavilələr imzalanıb. “Himayədar ailə” modeli valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsinə və inkişafına xidmət edir.

Sosioloq qeyd edib ki, himayədar ailələrin seçimi zamanı onların kimliyi, ailə vəziyyəti və sosial məsuliyyəti əsas rol oynayır.

"Dövlət tərəfindən ayrılan vəsait uşaqlara yönəldilsə də, sui-istifadə halları və uşaqların sosial rifahına təsir edən ayrı-seçkilik, stiqma və digər problemlər ortaya çıxa bilər. Bu səbəbdən dövlətin nəzarəti vacibdir. Eyni zamanda, ailələr də uşaqların natamamlıq hissini aradan qaldıracaq qayğı göstərməlidirlər. Valideynlərini itirmiş uşaqlar uşaq evlərində müəyyən stiqma və travma yaşayırlar. Onlar özlərini təcrid olunmuş hiss edir və psixoloji zədələr əldə edirlər. Bu baxımdan, onların ailəyə verilməsi müsbət və məqsədəuyğun addımdır. 60 nəfərlik himayə sayı Azərbaycan üçün ciddi göstəricidir. Cəmiyyətin bu məsələyə münasibəti son dövrlərdə kifayət qədər normaldır. Azərbaycanda himayəyə uşaq götürə biləcək imkanlı, imtiyazlı və mərhəmətli ailələr mövcuddur. Dövlət də bu prosesdə stimullaşdırıcı tədbirlər həyata keçirir. Buna baxmayaraq, müəyyən qayğıya ehtiyacı olan uşaqların diqqət mərkəzindən kənarda qalması sosial siyasət hədəflərinə çatmaq baxımından çatışmazlıqlar yaradır. Sosial-iqtisadi və sosial-psixoloji faktorlar burada mühüm rol oynayır. Məsələn, himayə üçün müraciət edən şəxslərin sosial vəziyyəti mürəkkəb ola bilər və bəzi hallarda prosedurlar onların üçün çətinlik yaradır. Sosial iş mütəxəssislərinin tövsiyələri və yanaşmaları burada önəmli rol oynayır. Dövlət və cəmiyyət münasibətlərində sosial qarşılıqlı təsir faktorları da böyük əhəmiyyət kəsb edir. Məhdudiyyətli və çətin şəraitdə yaşayan uşaqlara xüsusi diqqət göstərilməlidir. Himayədar ailə modeli optimal hesab olunsa da, bu optimallıq nisbi xarakter daşıyır. Dünya təcrübəsində, məsələn, Norveçdə bəzi uşaqlar himayəyə verildikdə ayrı-seçkilik və istismara məruz qala bilirlər. Azərbaycanda da oxşar problemlər mövcuddur. Sosial faktorlar, adaptasiya və yaş məsələsi önəmlidir. Yeniyetmələrin himayəyə verilməsi onların öz təsdiqi və sosial-psixoloji adaptasiyası ilə bağlı problemlər yarada bilər. Bu səbəbdən himayəyə götürüləcək uşaqların yaşı əsas rol oynayır; optimal hədd 1-6 yaş arasıdır. Daha böyük uşaqlar xüsusi psixoloji dəstək tələb edir, çünki onlar valideynlərini xatırlayır və travmatik vəziyyətdən çıxmaq üçün fərdi yanaşma vacibdir. Himayədar ailələrin motivləri müxtəlifdir. Maddi maraqlar risk faktoru olaraq qalır, amma övladlığa götürmək istəyən ailələr üçün, xüsusən doğma övladı olmayanlar və ya valideynlərini itirmiş uşaqları himayəyə götürmək istəyənlər üçün bu təşviqedici amildir. Motivlər çoxşaxəlidir və sosial-iqtisadi, sosial-psixoloji faktorlar əsas rol oynayır".

Rəfiqə Namazəliyeva,

AzNews.az