Nazir: Rusiya ilə münasibətlərdə gərginliyə baxmayaraq, müəyyən dialoqlar da olub

26 Dekabr 2025 17:26 (UTC+04:00)

Azərbaycan-Rusiya arasında izlənilən son gərginlik AZAL təyyarəsinin vurulması və bunun ətrafında baş verən proseslərlə bağlı idi.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bunun Rusiya-Ukrayna müharibəsi ilə əlaqəsi olmayıb.

C.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun aydın və sistemli çərçivəsi var:

"Bunların sırasında özümüzə yaxın ölkələrə münasibətlə digərləri arasında fərq var. Burada beynəlxalq hüquq, ədalət mövqeyindən Azərbaycanın mövqeyi həmişə aydın olub. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə münasibətləri yaxşı qoruya saxlaya bilib. Azərbaycan həmişə beynəlxalq hüququn tərəfində olub, Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib. Azərbaycanın ədalətli mövqeyini qarşı tərəf anlayışla qəbul edir".