Bu il dekabrın 1-nə qədər İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara 45,6 milyon manat güzəştli kredit verib.
Aznews.az xəbər verir ki, Bundan başqa, məlumata görə, "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək" mexanizmi çərçivəsində bu bölgələrdə investisiya layihələri həyata keçirən sahibkarlar zəmanət-subsidiya mexanizmi ilə dəstəklənirlər. Mexanizmə əsasən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin məbləğinin 90 %-ə qədər hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda həmin kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə subsidiyalaşdırılır və kreditin müddətinin yarısına qədər olmaqla 36 aya qədər güzəşt müddəti tətbiq edilir.
Noyabrın sonuna qədər 43 layihə üzrə sahibkarların banklardan əldə etdiyi 55,9 milyon manat kreditə 47,8 milyon manat zəmanət verilib. Eyni zamanda bank krediti faizlərinin subsidiyalaşdırılması məqsədilə 14,4 milyon manat vəsaitin verilməsi təsdiqlənib. Bu mexanizmdən yararlanmış sahibkarlıq subyektləri əsasən sənaye, kənd təsərrüfatı, xidmət və turizm kimi sahələrdə fəaliyyət göstərərək, həmin ərazilərdə iqtisadiyyatın canlanmasına töhfə verirlər.
Bu mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə "Elektron kredit və zəmanət" informasiya sistemi fəaliyyət göstərir. Sahibkarlar kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlaya bilərlər.