Nyu-Yorkda sosial media platformalarına psixi sağlamlıqla bağlı xəbərdarlıq etiketləri tələb olunacaq.
Aznews.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Nyu-York ştatında qəbul edilən yeni qanuna əsasən, avtomatik oynatma və alqoritmik lentlər kimi xüsusiyyətlərə malik sosial media platformaları gənc istifadəçilərin psixi sağlamlığına potensial zərəri barədə xəbərdarlıq etiketləri təqdim etməlidir. Dünən imzalanan qanunla “asılılıq yaradan” xüsusiyyətlərə qarşı xəbərdarlıq tələb olunur.
Qanunda qeyd olunur: “Tədqiqatlar göstərir ki, sosial media ilə təmas beyindəki mükafat mərkəzlərini həddindən artıq stimullaşdırır və bu da maddə asılılığı və ya qumar vərdişləri ilə müqayisə oluna biləcək neyroloji yollar yaradır”.
Qanun qüvvəyə mindikdən sonra sosial media platformaları qaydaları pozarsa, ştatın baş prokuroru hər pozuntuya görə 5 min dollara qədər mülki cərimə tələb edə biləcək.
TikTok, Snap, Meta və Alphabet şirkətləri hələlik yeni qanunla bağlı rəsmi açıqlama yaymayıb.
Bu təşəbbüslə Nyu-York, Kaliforniya və Minnesota kimi sosial media ilə bağlı oxşar qanunları olan digər ABŞ ştatlarına qoşulmuş olur.