Bir neçə gündür ki, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı təqdim olunur. Medala layiq görülənlər, təbii ki, öz sevinclərini sosial şəbəkə hesablarında bölüşürlər və bu da ictimai rezonans doğurur.
Əslində, son dərəcə pozitiv, son dərəcə təqdirəlayiq, son dərəcə mütərəqqi tendensiyadır və cəmiyyət tərəfindən də çox böyük ölçüdə müsbət qarşılanır. Fəqət hər vəziyyətdə olduğu kimi, bəzən az da olsa "ağızbüzənlər" dəstəsinin qeyri-adekvat rəylərinə də rast gəlirik. Odur ki, bu barədə öz baxışlarımı bölüşməyə qərar verdim.
İcazənizlə, öncə medalın hüquqi statusuna aydınlıq gətirim.
Medalın tam adı belədir: “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı. Bu medal 3 fevral 2025-ci il tarixdə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanuna edilən dəyişikliklərlə təsis olunub və onun Əsasnaməsi qüvvəyə minib. Prezident İlham Əliyev tərəfindən təsis edilən bu medal dövlət başçısının Azərbaycan mətbuatının tarixinə, bu gününə və gələcəyinə verdiyi önəmi ifadə edir.
Əsasnaməyə görə, respublikamızın bu medalını təltif edən orqan olaraq Medianın İnkişafı Agentliyi müəyyən edilib. Bu, respublikamızın digər bəzi medallarının təltif etmə mexanizminə uyğundur və yeni təcrübə deyil. Məsələn, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalını təltif edən orqan FHN-dir.
Göründüyü kimi, dövlət tərəfindən təsis edilmiş yubiley medalları ilə təltif olunma Medianın İnkişafı Agentliyinin birbaşa institusional funksiyasıdır. Burada nə “şəxsi təşəbbüs”, nə də “özfəaliyyət” elementi var, ola da bilməz. Deməli, təltif etmə özü mübahisə predmeti ola bilməz.

Bəs, təltif olunanlar?
Əsasnamədə açıq-açıq yazılıb:
“Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə
- media sahəsinin inkişafında xüsusi xidmətləri olan,
- bu sahədə səmərəli fəaliyyət göstərən
- və ya media ilə əməkdaşlıqda fərqlənən
Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Bir də Əsasmanədə yazılmayan bir gerçəklik var, hər biriniz bilirsiniz. Bu gün Azərbaycan bayrağı qürurla Xankəndidə dalğalanır. Biz Zəfər respublikası, Zəfər toplumuyuq. Silahlı Qüvvələrimiz bu zəfərin əldə olunmasında misilsiz xidmətlər göstərdiyi kimi, mediamız da öz sahəvi fəaliyyətində əlindən gələni əsirgəməyib. Odur ki, çağdaş Azərbaycan mediasının nümayəndələrinin, media sənayesinin çalışmasına töhfə verən qeyri-jurnalistlərin bu medalla təltif olunmasına etiraz etmək olmaz. Bu, sadəcə olaraq mümkün deyil. Dövlət hər kəsi görür, tanıyır, dəyərləndirir!
Başqa bir məsələni də mütləq nəzərə almalıyıq. İstənilən medal təltifatı ictimai hadisədir. İctimai hadisəni ictimaiyyətdən gizlədilməsi absurddur. Söhbət şöhrət nümayişindən yox, şəffaflıqdan gedir həm də. Ona görə də təltif olunan şəxslərin öz medallarını sosial şəbəkə üzərindən cəmiyyətlə paylaşması ictimai hadisənin ictimai platformada yayımı deməkdir. Buna ağız büzənlərin, rişxənd edənlərin cəmiyyət və dövlətlə ən azı psixoloji problemləri var, bu problemlər də ya üzə çıxıb, ya da çıxacaq. Media ilə dövlət arasında süni problemlər yaratmağa çalışaraq hər hansı təltif məqamında özü hamıdan qabağa düşüb saxta təbəssümlə ödül alanları media sektorunda tanımayan yoxdur.
İllərin təcrübəsi mənə deyir ki, bu cür adamlar problem yaratmaq refleksi ilə hərəkət edirlər. Məsələn, yubiley medalı daha dar çərçivədə bir qrupa verilsəydi, tamam əks arqumentlərlə çıxış edəcəkdilər. Çünki bu adamlara görə, dövlət və vətəndaş cəmiyyəti arasında hər zaman ancaq onlar “vasitəçi” olmalı, dövlətin diqqət və qayğısını ancaq onlar hiss etməli, sonunda da dövlətə və cəmiyyətə yox, məsələn, Fətullah Gülənə xidmət etməlidirlər.
Nəhayət, Azərbaycan mətbuatının 150 illik yubileyi tarixi hadisədir. Bu tarix “Əkinçi”dən başlayır və ideoloji spektrindən asılı olmayaraq milli jurnalistikanın birgə mirasıdır. Odur ki, dövlət, dövlətin görəvləndirdiyi rəsmi qurum tam haqlı olaraq hətta öz daimi tənqidçilərinə siyasi fərq qoymursa, prosesi İCTİMAİ ETİMAD və MEDİA HƏMRƏYLİYİ çərçivəsində aparırsa, deməli, ortada təqdirəlayiq bir iradə, səriştə, medianın xidmət etdiyi milli maraqlarımıza səmimi bir bağlılıq var.
Gərəkdir ki, hər kəs səmimi ola!!!
Taleh ŞAHSUVARLI