Azərbaycanın ən böyük uğurlarından biri vətənpərvər nəslin, gənclərin yetişməsidir. Çünki vətənpərvərlik hissi milli kimliyin əsas komponentlərindən biri kimi milli ruhun əsas sütunudur. Vətənə, dövlətə, onun tarixinə, mədəniyyətinə, adət-ənənələrinə sevginin, onu qorumağın mənəvi borc hissi ilə ifadə olunmasıdır. Cənab Prezident hər zaman bəyan edir ki, “biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir.” Bu xüsusda Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə yenidən bu mövzuya diqqət çəkdi. Dövlət başçımız bir daha vurğuladı ki, “bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı əbədi olsun.”
Əslində gənclərin fiziki hazırlığı və mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. Milli kimliyini dərk edən gənc daha şüurlu və məsuliyyətli vətəndaş kimi formalaşır.
Yəni, gənclərimiz dövlətimizi müdafiə etməyin gələcəyimizi müəyyən etdiyini anlayaraq yetişməlidirlər. Vətənpərvərlik həm də müstəqilliyin qorunması və yaşaması uğrunda mübarizənin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda qloballaşma və dövlətlərin informasiya açıqlığı kontekstində xüsusilə aktualdır. Bu, qloballaşma şəraitində assimilyasiya və dəyər aşınmasının qarşısını alır. İndi pozucu qüvvələrin əsas hədəfi insanların özünü deyil, onların şüurunu məhv etməkdir. Çünki məhz təfəkkürün məhvi cəmiyyətin məhv olmasına, xalqların fərdiliyinin, kimliyinin və müstəqilliyinin itirilməsinə, dövlətlərin zəifləməsinə, hətta yox olmasına gətirib çıxarır. Yəni, gənclərin vətənpərvərlik ruhunda tərbiyə almasının strateji əhəmiyyəti dövlətin davamlılığı, təhlükəsizliyi və inkişafı baxımından son dərəcə vacibdir.
Müasir dövrdə gənclər müxtəlif ideoloji və informasiya təsirlərinə məruz qalır. Məhz belə bir şəraitdə vətənpərvərlik dezinformasiya və radikal ideologiyalara qarşı immunitet yaradır, milli maraqlara zidd təsirlərin qarşısını alır, strateji düşüncəni gücləndirir.
Nəticə etibarı ilə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi yalnız mənəvi məsələ deyil, dövlətin uzunmüddətli strateji təhlükəsizliyinin, sabitliyinin və inkişafının əsas sütunlarından biridir. Vətənpərvər gənclik – güclü dövlətin və davamlı gələcəyin təminatıdır.
Prezident İlham Əliyevin də söylədiyi kimi, “gənclər milli ruhda tərbiyə almalı, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdır. Heç kimin təsiri altına düşməməli, müxtəlif vədlərə aldanmamalıdırlar”.
Nigar Məmmədova,
Milli Məclisin üzvü