Azərbaycan Cüdo Federasiyasının rəsmisi: "Məqsədlərə çatdığımız üçün ili uğurlu hesab edirəm"

29 Dekabr 2025 17:54 (UTC+04:00)

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini və idman direktoru Kamran Talıbov 2025-ci ili uğurlu hesab edir.

Aznews.az xəbər verir ki, Bunu qurum rəsmisi deyib.

O, federasiya tərəfindən strateji hədəflərlə bağlı böyük işlər görüldüyünü söyləyib:

"Federasiya tərəfindən qarşıya qoyulan strateji hədəflərlə bağlı böyük işlər görülüb. Həmçinin bu il Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən yaxşı federasiyası seçilmişik. Bəzi qarşıya qoyulan məqsədlərə çatdığımız üçün ili uğurlu hesab edirəm. Ən böyük məqsədlərdən biri liqaların yaradılması idi, bunun üzərində çoxdandır işləyirdik. U-14, U-17 liqalarını yaratdıq. Hər birinin də ayrılıqda ciddi mükafat fondu oldu. Bunun nəticəsində klublarda doğrudan ciddi maraq yarandı. İdmançılarda, məşqçilərdə motivasiya artdı. Əsas məqsədlərdən biri klubların infrastrukturunu yaxşılaşdırmaq, həmçinin məşqçilərin həvəsini və sayını artırmaq idi. Artıq yeni məşqçilər, karyerasını bitirib məşqçiliyə başlayanları görürük. Bəzi klublar anlayışlarını itirmişdi. Ancaq indi hamısı klub kimi formalaşamağa can atır. Yaradılan liqalar bunda xüsusi rol oynadı".

ACF rəsmisi keçirilən yarışlardan sonra milliyə xeyli cüdoçuların dəvət olunduğunu bildirib:

"U-14 və U-17 təməl yaş qruplarımız hesab olunur. Bu yaşda perspektivli cüdoçular ortaya çıxarmağa köklənmişik. Həm qız, həm də oğlan cüdoçular arasında yarışlar keçirdik. Məşqçilərimiz də yarışıları izlədilər və milliyə dəvət alan xeyli idmançılar oldu. Əvvəllər yığmanın tərkibi Azərbaycan birinciliyinin nəticələri ilə müəyyənləşirdi. İndi bunu zəncirvari etdik. Liqa, ne-vaza yarışları, şəhər və region birincilikləri, eyni zamanda Azərbaycan çempionatındakı nəticələr toplandı. Hər bir çəki üzrə ilk "4-lük"də qərarlaşan idmançılar milliyə cəlb olundu. Bu yenilik də uğurla nəticələndi".

O, ölkədə perspektivli cüdoçuların sayının çox olduğunu deyib:

"Perspektivli cüdoçuların sayı çoxdur. Cüdoda təmərküzləşmə bir qədər fərqlidir. Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlər daim seçiliblər. Amma bu il ərzində məşqçilərimiz digər regionlarda perspektiv vəd edən idmançıları izlədilər. U-17 və U-14 yaş qrupundan 100-ə yaxın cüdoçunu bazaya dəvət etdik. Bütün xərcləri qarşılanmaqla 14 gün ərzində onlara məşqçilərimizin nəzarəti altında xüsusi təlim-məşq toplanışı keçirildi, Azərbaycan birinciliyində iştirak üçün hazırlandılar. Bakıda, Sumqayıtda müxtəlif klubların bazasında məşq keçdilər. Bunun çox faydası oldu. Əvvəlki illərlə müqayisə edəndə nəticələrin çox yaxşı olduğunu gördük. Hazırda əsas işimiz belə cüdoçuları aşkalayıb millilərə ötürməkdi. Bundan sonra onların üzərində peşəkar heyət çalışacaq".

K.Talıbov 2026-cı illə bağlı əsas hədəfləri açıqlayıb:

"Hazırda U-15 və U-14 yığmalarımız yoxdur. Ümumiyyətlə, bu yaş qrupunda milli formalaşdırmaq hələ ki, planda deyil. Hələlik U-18, gənclərdən və böyüklərdən ibarə yığmalar mövcuddur. Daha aşağı yaşlı cüdoçular isə hazırlanır və zamanı çatanda uyğun komandalara göndərilirlər. 2026-cı ildəki hədəflərə gəlincə, qrafikimiz sıxdır. Kəmər imtahanları, yarışlar da daxil 66 tədbirimiz olacaq. Bunlara bir neçə beynəlxalq yarış - Gəncədə keçiriləcək Avropa Kuboku, yeniyetmələr arasında "Cüdo ümidləri" turniri, ən əsası Bakıda oktyabrda təşkil olunacaq dünya çempionatı da daxildir. Dünya çempionatını yüksək səviyyədə təşkil etmək, həmçinin yaxşı nəticələr göstərmək də əsas hədəflərimiz arasındadır. Cüdoçu sayının artırılması da strateji hədəflərdən biridir. Liqalarla bağlı işimiz davam edəcək. Klublara dəstək, motivasiya vermək, liqalar, mükafat fondu ayırmaq - hər biri hədəflərimiz arasındadır".