"Avropa Birliyi ölkələri ilə bağlı Trampın səsləndirdiyi fikirlərdə həm obyektiv, həm də subyektiv məqamlar mövcuddur. Ümumilikdə Avropa ölkələri və Avropa Birliyi hərbi-siyasi baxımdan zəif bir qurum kimi qiymətləndirilə bilər. Bu yanaşmada həm obyektiv reallıqlar, həm də subyektiv siyasi mövqelər öz əksini tapır. Lakin burada əsas məsələ təkcə Avropa Birliyi ölkələrinin hərbi xərclərini artırmaması ilə bağlı deyil. Söhbət yalnız hərbi müdafiə sisteminin təkmilləşdirilməsinə kifayət qədər maliyyə ayırmamaqdan getmir. Şübhəsiz ki, bu amil də mövcuddur. Çünki ABŞ uzun illərdir Avropa ölkələrinin təhlükəsizliyi üçün böyük həcmdə maliyyə vəsaiti xərcləyir və artıq bu yükdən azad olmaq niyyətindədir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Avropa bölgəsinə marağının azaldığı müşahidə olunur. Ağ Ev rəhbəri Avropa İttifaqını zəif bir qurum, Avropa liderlərini isə cəsarətsiz siyasətçilər kimi dəyərləndirir. Trampın bu yanaşması Avropa İttifaqının bir sıra məsələlərdə qətiyyətli qərarlar qəbul edə bilməməsi və qitənin təhlükəsizliyinə lazımi diqqət göstərməməsi ilə izah olunur. Uzun illər ərzində Avropa ölkələri öz təhlükəsizliklərini əsasən ABŞ-nin üzərinə həvalə ediblər. Bu dövlətlər müdafiə xərclərini artırmaq əvəzinə, büdcə vəsaitlərini əhalinin sosial rifahının yüksəldilməsinə yönəldiblər. Bu yanaşma Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasına və Trampın yenidən ABŞ prezidenti seçilməsinə qədər davam edib. Hazırda isə Vaşinqton Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı maliyyə yükünü daşımaq niyyətində deyil.
Siyasi şərhçi qeyd edib ki, əsas məqam Avropa Birliyinin iqtisadi baxımdan kifayət qədər, hətta olduqca güclü bir qurum olmasıdır.
"Məhz bu iqtisadi güc Avropa Birliyini qlobal miqyasda əsas siyasi iradə mərkəzlərindən birinə çevirir. Tramp administrasiyası isə hesab edir ki, Avropa Birliyi ABŞ üçün əslində rəqib düşərgə rolunu oynayır. Tramp administrasiyasının yanaşmasına görə, Çin ABŞ üçün hansı problemləri yaradırsa, Avropa Birliyi də təxminən eyni miqyasda çətinliklər formalaşdırır. Burada əsas diqqət mərkəzində iqtisadi rəqabət dayanır. Administrasiyanın əsas strateji hədəfləri sırasında Çini və Avropa Birliyini ABŞ-nin qarşısında geri çəkilməyə məcbur etmək yer alır. Son dövrlərdə Rusiya ilə yaxınlaşma Tramp administrasiyasına bu istiqamətdə müəyyən üstünlüklər qazandırır. Çünki ABŞ-la yaxınlaşan Rusiya həm Çinlə, həm də Avropa Birliyi ilə münasibətlərini soyutmuş vəziyyətə gətirir. Onsuz da Rusiya Avropa Birliyi ilə gərgin, hətta düşmən xarakterli münasibətlərə malikdir. Bu baxımdan Rusiya ABŞ üçün hazırkı mərhələdə nisbətən zərərsizləşdirilmiş aktor kimi görünür. Belə olan halda Tramp administrasiyası üçün iki əsas hədəf ön plana çıxır. Birincisi, ABŞ-la iqtisadi-ticari rəqabətdə ciddi problem yaradan Çinin zəiflədilməsi və ya sıxışdırılaraq daha məhdud təsir dairəsinə salınmasıdır. İkinci əsas hədəf isə Avropa Birliyinin zəiflədilməsi və ya onu təsirsiz bir beynəlxalq quruma çevirməkdir. Hazırda ABŞ-nin həyata keçirdiyi siyasətin əsas istiqamətləri məhz Avropa Birliyinin mövqelərinin sarsıdılmasına yönəlib. Çünki Vaşinqton hesab edir ki, Avropa Birliyi ilə rəqabətdə üstünlük əldə olunarsa, Avropa məkanındakı maliyyə resursları ABŞ-a yönələ bilər, eyni zamanda Avropa Birliyinin nəzarətində olan iqtisadi-ticari bazarlar ABŞ-nin təsir dairəsinə keçə bilər. Nəticə etibarilə, ABŞ və Avropa Birliyi arasında yaranan gərginliklər daha çox iqtisadi-ticari mübarizə xarakteri daşıyır".
Rəfiqə Namazəliyeva,
AzNews.az