İlham Əliyev orta məktəblərdə oldu - Xətaidə

13 Sentyabr 2013 12:17 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Xətai rayonundakı 249 və 138 nömrəli orta məktəb binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq orta məktəb binalarının əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Prezident İlham Əliyev əvvəlcə 249 nömrəli orta məktəb binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, 1972-ci ildə inşa olunan məktəbin binası iki korpusdan ibarətdir. 1280 şagird yerlik məktəbdə 1400 şagird təhsil alır. Məktəbdə Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsi də fəaliyyət göstərir. Məktəb binasının sahəsi 2252 kvadratmetr, məktəbin ümumi ərazisi isə 19 min 272 kvadratmetrdir. Yeni dərs ili ərəfəsində məktəbin binası əsaslı şəkildə təmir edilmiş, sinif otaqları, fənn kabinetləri yenidən qurularaq müasir avadanlıqla təchiz olunub. Məktəbin ətraf ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilib.

Sonra Prezident İlham Əliyev 138 nömrəli məktəbə gəlib. Bu məktəbdə görülən işlərlə bağlı da dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, iki korpusdan ibarət 138 nömrəli orta məktəbin binası 1977-ci ildə inşa olunub. 1176 şagird yerlik məktəbdə 1020 şagird təhsil alır.

Bundan əlavə, binada Füzuli rayonunun 80 şagird yerlik 30 nömrəli məcburi köçkün məktəbi yerləşir. 5600 kvadratmetr ərazisi olan məktəbin ümumi sahəsi 17 min 800 kvadratmetrdir.

Məktəbin bütün sinif otaqlarında, fənn kabinetlərində təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. Bu təhsil ocağının ərazisində abadlıq və quruculuq işləri aparılmış, yaşıllıqlar salınıb.

AzNews.az