Böyük Britaniyanın İqtisadi və Biznes Araşdırmaları Mərkəzi (CEBR) 2025-ci ilin yekunları üzrə Azərbaycanda real ÜDM-in 3 % artacağını proqnozlaşdırır.
Aznews.az xəbər verir ki, 2023-2025-ci illərdə orta illik iqtisadi artım tempinin əvvəlki beş ildə, yəni 2019-cu ilə qədər olan dövrdə qeydə alınmış 0,4 %-lik orta göstəricini üstələyəcəyi proqnozlaşdırılır.
2026-2030-cu illər ərzində CEBR Azərbaycanda ÜDM-in orta illik artım tempinin 2,5 %-ə qədər yavaşlayacağını gözləyir.
Analitiklər qeyd edirlər ki, 2025-ci ildə davamlı artım təxminən 5,7 % səviyyəsində qiymətləndirilən yüksək inflyasiya ilə müşayiət olunacaq. Bununla əlaqədar tələbin azaldılması siyasəti uzunmüddətli perspektivdə inflyasiya risklərini məhdudlaşdırmaq üçün uyğun ola bilər. Bununla belə, 2025-ci ildə gözlənilən inflyasiya səviyyəsi 2019-cu ilə qədər olan beş ildə qeydə alınmış 6,9 %-lik orta göstəricidən azdır.
CEBR-in qiymətləndirmələrinə görə, əmək bazarındakı gərginlik 2025-ci ildə iqtisadi fəallığı dəstəkləyən mühüm amil olub. İşsizlik səviyyəsi 0,1 faiz bəndi azalaraq 5,3 %-ə düşəcək ki, bu da istehlak xərclərinə müəyyən təkan verəcək.
Ekspertlərin fikrincə, Azərbaycanın dövlət maliyyəsi dayanıqlı vəziyyətdədir. Bununla belə, 2025-ci ildə dövlət borcunun ÜDM-dəki payının bir il əvvəlki 21,7 %-lə müqayisədə 22,4 %-ə qədər artacağı, fiskal kəsirin isə ÜDM-in 1,9 %-ni təşkil edəcəyi gözlənilir.
"Nisbətən aşağı borc yükü və orta kəsir dövlət maliyyəsinin güclü mövqeyini əks etdirir ki, bu da özəl sektorun etimadının və investisiya fəallığının qorunub saxlanmasına kömək edəcək, həmçinin hökumət üçün gələcəkdə daha geniş fiskal imkanlar təmin edəcək", - proqnozda qeyd edilir.
CEBR-in proqnozlarına görə, 2025-ci ilin baza səviyyəsindən sonra real ÜDM 2026-cı ildə təxminən 2 % artacaq. 2030-cu ilə qədər real ÜDM-in 2025-ci ildəki səviyyə ilə müqayisədə ümumi artımı təxminən 13 %, 2035-ci ilə qədər 27 %, 2040-cı ilə qədər isə 43 % təşkil edəcək.
Britaniya mərkəzinin proqnozlarına görə, Azərbaycanın nominal ÜDM-i 2025-ci ildəki təxminən 76 milyard ABŞ dollarından 2026-cı ildə 81 milyard ABŞ dollarına qədər artacaq. 2030-cu ilə qədər nominal ÜDM təxminən 100 milyard ABŞ dolları, 2035-ci ilə qədər təxminən 123 milyard ABŞ dolları, 2040-cı ilə qədər isə 152 milyard ABŞ dollarına yaxın məbləğdə proqnozlaşdırılır.
Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM-in 3 %, 2026-cı ildə 2,9 %, 2027-ci ildə 3,3 % artacağını proqnozlaşdırır.
Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: "S&P Global" 2025-2026-cı illərdə illik 2 %, "Fitch Ratings" 2025-ci ildə 3,5 % və 2026-cı ildə 2,5 %, "Moody's" isə ildə 2,5 % səviyyəsində artım gözləyir.
Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 2 %, 2026-cı ildə 2,5 % artım proqnozlaşdırır.
Asiya İnkişaf Bankı növbəti iki ildə Azərbaycanda iqtisadi artımı 2,4 % və 2 %, Dünya Bankı 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 %, Niderlandın ən böyük bank qrupu olan "ING Group" 2025-ci ildə 1,6 %, 2026-cı ildə 2,8 %, 2027-ci ildə isə 2 % səviyyəsində gözləyir.
2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-noyabr aylarında isə 1,6 % artıb.
Cari ilin 11 ayı ərzində inflyasiya 5,7 %, ötən il isə 2,2 % təşkil edib.