BFMTV: Fransada Yeni il gecəsi 800-dən çox avtomobil yandırılıb

1 Yanvar 2026 22:42 (UTC+04:00)

Yeni il gecəsi Fransanın müxtəlif bölgələrində 800-dən çox avtomobil yandırılıb, insidentlərin əksəriyyəti ölkənin şimal və şərq hissəsində qeydə alınıb.

Aznews.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Ən çox hadisə baş verən bölgə Aşağı Reyn departamenti olub – burada 117 avtomobil yandırılıb. İkinci yerdə Rona departamenti (82 maşın), üçüncü yeri isə Val-d'Oaz və Jironda departamentləri (36 maşın) bölüşüb. Parisdə isə heç bir belə insident qeydə alınmayıb. Ümumilikdə gecə ərzində 813 avtomobil yandırılıb. Ötən il bu rəqəm 984 olmuşdu.

Məlumata görə, hadisələr pirotexniki vasitələrdən ehtiyatsız istifadədən qaynaqlanır. Bu Yeni ildə polis 386 qanunsuz fişəng istifadəsi faktı qeydə alıb. Nəticədə iki nəfər, o cümlədən 12 yaşlı uşaq, əl barmaqlarını itirib. Həmçinin küçələrdə xidmət aparan polis əməkdaşlarına qarşı pirotexniki vasitələrdən istifadə halları da qeydə alınıb.

Fransa Daxili İşlər Nazirliyi Yeni il gecəsi təhlükəsizliyi təmin etmək üçün 90 min polis və jandarmı cəlb edib. Nazir Loran Nunyes bildirib ki, prefektlərə vandalizm və zorakılıq hallarında "sərt tədbirlər görmək" tapşırılıb.