Türkiyə mediasından Azərbaycan manatı ilə bağlı dəyərləndirmə

2 Yanvar 2026 17:37 (UTC+04:00)

Azərbaycan manatı Türkiyə lirəsi qarşısında son bir ildə ciddi dəyər artımı göstərib. 2025-ci ilin əvvəlində 1 manat 20,79 TL olduğu halda, 2026-cı ilin ilk günlərində məzənnə 25,30 TL səviyyəsini keçib. Beləliklə, manat TL qarşısında təxminən 4,5 lirə bahalaşıb.

AzNews.az xəbər verir ki, Türkiyənin Haberler.com saytı yazır: "Manat/TL məzənnəsindəki bu yüksəliş 2025-ci il boyunca mərhələli şəkildə baş verib. İlin ilk aylarında sabit görünən kurs, ilin ikinci yarısından etibarən daha sürətli artım trayektoriyasına daxil olub. Nəticədə yeni ilə manat daha güclü mövqedə daxil olub.

Məzənnədəki dəyişiklik xüsusilə Azərbaycan–Türkiyə arasında ticarət əlaqələri olan iş adamlarının diqqət mərkəzindədir. Ekspertlər bu prosesi Türkiyə iqtisadiyyatında davam edən yüksək inflyasiya, lirənin zəifləməsi və regionda valyuta balanslarının dəyişməsi ilə izah edirlər. Bu fon, manatın TL qarşısında nisbi üstünlüyünü daha aydın göstərir.

Manatın simvolu niyə Avroya bənzəyir?

Azərbaycan manatının simvolu da oxucuların maraq göstərdiyi mövzulardandır. Manatın işarəsi Avro simvoluna (€) oxşayır – ortasında tək xətt olan və aşağı istiqamətli forması ilə seçilir. Bu oxşarlıq təsadüfi deyil.

Manatın banknot və simvol dizaynı avstriyalı dizayner Robert Kalina tərəfindən hazırlanıb. Kalina eyni zamanda Avro və Suriya funtu banknotlarının da dizayneridir. Bu səbəbdən manatın vizual elementlərində Avro üslubuna yaxınlıq müşahidə olunur.

Qeyd edək ki, manatın TL qarşısında möhkəmlənməsi valyuta bazarında qarşıdakı dövrdə də dalğalanmaların davam edəcəyinə işarə edir.

AzNews.az