ABŞ-ın Venesuelaya müdaxiləsi: Maduro və həyat yoldaşının saxlanılması barədə detallar

3 Yanvar 2026 20:55 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp administrasiyası Venesuelaya qarşı gözlənilməz və sərt addım atıb. Trampın şənbə günü verdiyi açıqlamaya görə, ABŞ qüvvələri Karakasa “genişmiqyaslı zərbə” endirib və Venesuela Prezidenti Nikolas Maduro ilə həyat yoldaşı Siliya Flores saxlanılıb.

Yanvarın 3-də Karakasda, Venesuelanın ən böyük hərbi kompleksi olan Fuerte Tiuna ərazisində güclü partlayışlar baş verib. Hadisədən sonra hərbi bazada genişmiqyaslı yanğın müşahidə olunub.

ABŞ: “Maduro narkoterrorizm şəbəkəsinin rəhbəridir”

ABŞ Baş prokuroru Pam Bondi sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, Nikolas Maduro, Siliya Flores və digər yüksək vəzifəli venesuelalı rəsmilər narkotik qaçaqmalçılığı və narkoterrorizm sui-qəsdi ilə bağlı ağır ittihamlarla üz-üzədirlər.

Yeni açıqlanan ittiham aktına görə, təqsirləndirilən şəxslər 1999-cu ildən başlayaraq beynəlxalq narkotik kartelləri ilə əməkdaşlıq edərək minlərlə ton kokainin ABŞ-a daşınmasını təşkil ediblər.

Bondi qeyd edib ki, Maduro və həyat yoldaşı “Amerika torpağında, Amerika məhkəmələrində ədalət qarşısında cavab verəcəklər”.

İttihamlar Trampın ilk dövrünə gedib çıxır

Bu, Maduroya qarşı ilk ittiham deyil. Hələ 2020-ci ildə – Trampın ilk prezidentliyi dövründə ABŞ Ədliyyə Nazirliyi Maduronu “Kartel de los Soles” adlı cinayət şəbəkəsinin lideri kimi ittiham etmişdi.

Həmin ittihamlara əsasən:

Prokurorların iddiasına görə, Maduro şəxsən çox tonluq narkotik daşımalarını koordinasiya edib və xarici ölkələrlə əlaqələr vasitəsilə bu şəbəkəni qoruyub.

Kartel terror təşkilatı elan edilib

ABŞ administrasiyası təzyiqləri son bir ildə daha da artırıb. 2025-ci ilin noyabrında “Kartel de los Soles” rəsmi olaraq xarici terror təşkilatı elan edilib.

Yeni ittiham aktında Maduronun Sinaloa Karteli, Zetas və Tren de Aragua kimi tanınmış transmilli cinayət şəbəkələri ilə əməkdaşlıq etdiyi də vurğulanır.

Beynəlxalq Cinayət Məhkəməsi də araşdırır

Bundan əlavə, Beynəlxalq Cinayət Məhkəməsi Venesuela hakimiyyətini işgəncə, cinsi zorakılıq və qanunsuz həbslərdə ittiham edərək istintaq aparır.

Hadisələr sürətlə inkişaf edir və rəsmi qurumlar yaxın saatlarda yeni açıqlamalar verə bilər.

Mövsüm Novruzoğlu