Çin güc tətbiqinə və ölkələrin suverenliyinə müdaxiləyə qarşıdır - XİN

5 Yanvar 2026 13:30 (UTC+04:00)

Çin ardıcıl olaraq güc hədəsi və ya güc tətbiqinə, eləcə də bir ölkənin digərinə öz iradəsini zorla qəbul etdirməsinə qarşı çıxır.

Aznews.az “Xinhua“ agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Venesueladakı vəziyyəti şərh edən Çinin xarici işlər naziri Van İ səsləndirib.

“Biz heç vaxt hansısa ölkənin qlobal polis rolunu oynaması və ya özünü beynəlxalq hakim kimi təqdim etməsi fikri ilə razılaşmamışıq”, – Van İ vurğulayıb.

Çin XİN rəhbəri bütün dövlətlərin suverenliyi və təhlükəsizliyinin beynəlxalq hüquqla tam qorunmalı olduğunu qeyd edib.

Nazir əlavə edib ki, Pekin beynəlxalq ictimaiyyətlə birlikdə BMT Nizamnaməsini və ölkələrin suveren bərabərliyini qətiyyətlə müdafiə etməyə, qlobal sülh və inkişafı birgə qorumağa, eləcə də bəşəriyyət üçün ortaq gələcək icmasının qurulmasına töhfə verməyə hazırdır.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını ələ keçirib. Maduro hazırda Nyu-Yorkda narkoterrorizm ittihamları üzrə məhkəməni gözləyir.

Aznews.az