“907-ci düzəliş bu gün üçün tam məntiqsizdir” – Azər Həsrət

6 Yanvar 2026 17:48 (UTC+04:00)

“Əslində, ABŞ-nin haqsız və ədalətsiz şəkildə 907-ci düzəlişi Azadlığı Müdafiə Aktına əlavə etməsi Azərbaycanın yeni-yeni formalaşmaqda olan demokratiyasını boğdu. Azərbaycan Qərbə inteqrasiya yolunu tutmuş, Rusiyadan bir dəfəlik ayrılmaq istəyirdi və bunun üçün Qərb dövlətlərinin, xüsusilə də ABŞ-nin dəstəyi vacib idi. Təəssüf ki, Azərbaycanın bu müstəqillik yolundakı ilk addımlarını məhdudlaşdıran ölkələr arasında demokratiyanın beşiyi sayılan ABŞ da vardı. 1992-ci ildə Azərbaycan torpaqları işğal altındaykən cəzalandırılması gərəkən Ermənistan təşviq edildi, Azərbaycan isə cəzalandırıldı. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, həmin dövrdə Azərbaycanda normal dövlət idarəçiliyi yox idi və dövlətin rəhbərləri bu hadisələrdən xəbərsiz idilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, 907-ci düzəliş Azərbaycan–ABŞ münasibətlərində uzun illərdir mübahisə predmetidir. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə qeyd edib ki, düzəlişin qəbul olunduğu dövrdə Azərbaycanın əraziləri işğal altında olub, Ermənistanın blokadada olması iddiaları isə reallığı əks etdirməyib. Dövlət başçısı 907-ci düzəlişi Azərbaycana qarşı açıq ədalətsizlik kimi qiymətləndirib.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycana qarşı atılan bu addım həmin dövrün real vəziyyətini əks etdirirdi.

"Yəni, o dövrdə vəziyyət belə idi və təəssüf ki, ABŞ-dakı erməni lobbisi və onun arxasındakı qüvvələr bizi küncə sıxışdırdı. Lakin dövr dəyişib. Hazırda Prezident Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə dostluq əlaqələrinə malikdir. Bundan əlavə, Prezident İlham Əliyev bütün dünyada demokratik dəyərlərə hörməti ilə seçilir. Bu, Azərbaycanın müstəqil siyasət yürütməsinin bariz nümunəsidir. Bu gün Azərbaycan, ölçüsünə baxmayaraq, dünyanın ən müstəqil dövlətləri sırasında öndə gedir və siyasətini tamamilə özü müəyyənləşdirir. Üstəlik, Ermənistanla münasibətlər kökündən həll olunub və Ermənistanın Azərbaycana qarşı hər hansı iddiası yoxdur. Azərbaycan Ermənistanı blokadada saxlamır, əksinə kommunikasiyalar açılmağa başlayıb. Belə bir şəraitdə 907-ci düzəlişin qüvvədə qalması məntiqsizdir. Artıq ABŞ-nin bu mövzuda rəsmi təkliflər kongresə göndərilib və düzəlişin ləğvi ilə bağlı təşəbbüslər kongresin saytında yerləşdirilib. Yeni il ilə birlikdə kongres işə başlayanda bu məsələ müvafiq şəkildə nəzərdən keçiriləcək. Mən əminəm ki, 907-ci düzəliş ləğv ediləcək, çünki bunun üçün heç bir səbəb yoxdur. Azərbaycan Ermənistanı blokadada saxlamır, əksinə Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasını sevinclə qarşılayır. Faktiki olaraq, düzəlişin qüvvədə qalması üçün heç bir əsas yoxdur – nə 1992-ci ildə, nə indi. ABŞ-nin bu addımı Azərbaycan-Amerika münasibətlərinin daha da dərinləşməsinə gətirib çıxaracaq. ABŞ, Avropa Birliyi, Yaponiya, Orta Asiya və Cənubi Qafqaz regionunda ciddi diqqət ayırır və bu diqqətin mərkəzində duran əsas dövlətlərdən biri Azərbaycan Respublikasıdır. Azərbaycanla münasibətlərin normallaşması ABŞ üçün strateji baxımdan zəruridir – bu, yalnız Cənubi Qafqaz və Orta Asiya ilə bağlı deyil, həm də Rusiya, İran və Yaxın Şərq məsələlərinə görə vacibdir. Beləliklə, münasibətlər düzəlməyə doğru gedir və vəziyyət hərtərəfli müsbətdir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az