“İmtahanların növü, əslində, tədrisi aparan müəllimin seçiminə buraxılmalıdır. Çünki fənlər fərqlidir və hər bir fənnin özünəməxsus xarakteri var. Bəzi fənlər əsas, bəziləri isə köməkçi və ya seçməli fənlərdir. Bu baxımdan, imtahanların mərkəzləşdirilmiş şəkildə müəyyənləşdirilməsinin düzgün olmadığını düşünürəm. Ən optimal variant kafedra və dekanlığın fənnin xüsusiyyətlərinə uyğun qərar verməsidir. Çünki elə fənlər var ki, həmin fənlər üçün test imtahanı daha effektivdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.
Qeyd edək ki, hazırda ali təhsil müəssisələrində imtahanların keçirilmə formaları müxtəlifdir. Bir sıra universitetlər ənənəvi yazılı imtahan üsuluna üstünlük verir, digərlərində şifahi qiymətləndirmə mexanizmi saxlanılıb. Eyni zamanda, bəzi ali məktəblərdə müasir texnoloji imkanlardan istifadə edilərək elektron imtahan sistemləri tətbiq olunur. Bu fərqliliklər əsasən universitetlərin daxili qaydaları, akademik yanaşmaları və idarəetmə siyasəti çərçivəsində müəyyənləşdirilir.
Ekspert qeyd edib ki, bəzi fənlərdə testlə yanaşı klassik yazılı və ya tətbiqi suallardan da istifadə oluna bilər.
"Xüsusilə hesablama tələb edən fənlərdə bu vacibdir. Bu səbəbdən müəllim sillabusda fənnin imtahan formasını əvvəlcədən göstərməli və bunu əsaslandırmalıdır. Ümumilikdə isə ideal bir imtahan modelini bütün fənlərə tətbiq etmək mümkün və uyğun deyil. Universitetlərdə mövcud təcrübə göstərir ki, əsas fənlər və köməkçi, seçməli fənlər arasında fərq qoyulur. Əsas fənlər dəqiq elmlərə aid olduqda, burada riyazi məsələlər və müxtəlif hesablamalar üstünlük təşkil edir. Əgər fənn nəzəri və ümumi xarakter daşıyırsa, test imtahanı daha məqsədəuyğun hesab oluna bilər. Bundan əlavə, qrupdakı tələbə sayı və müəllimin imkanları da nəzərə alınmalıdır. Əsas məqsəd tələbənin biliyinin obyektiv qiymətləndirilməsidir və bu qiymətləndirmə metodlarının müəyyənləşdirilməsi müəllimin səlahiyyətində olmalıdır. Əvvəlki illərdə imtahanlarla bağlı müəyyən neqativ hallara rast gəlinirdi. Lakin hazırda əksər universitetlərdə imtahan prosesləri şəffaf şəkildə keçirilir. İmtahan kağızları anonim olur və yoxlayan şəxs kimin işini yoxladığını bilmir. Elektron qiymətləndirmə sistemi tətbiq olunur və qiymətlər sistemə daxil edilənədək nə tələbə, nə də müəllim nəticədən xəbərdar olur. Əsas meyar tələbənin yazdığı imtahan işidir. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş imtahan qiymətləndirmə meyarları mövcuddur. Həmin meyarlara əsasən işin tam, natamam və ya sıfır bal ilə qiymətləndirilməsi müəyyən olunur. İmtahanlar məhz bu meyarlar əsasında qiymətləndirilməlidir. Əsas məqsəd isə tələbənin semestr ərzində əldə etdiyi biliklərin imtahanlarda əhatə olunması və bununla da qrupun ümumi səviyyəsinin obyektiv şəkildə ölçülməsidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az