"ABŞ-nin Venesuelaya bu şəkildə müdaxiləsi beynəlxalq hüquqa olan ümidləri, demək olar ki, son ümidləri də aradan qaldırmış oldu. Bu günədək beynəlxalq hüququn işləkliyini və beynəlxalq sistemin praktikada özünü doğrultmadığını göstərən çoxsaylı hadisələr baş verib. Bununla belə, bütün bu proseslərdən sonra belə dünya ictimaiyyətində, ayrı-ayrı dövlətlərdə və sivil qurumlarda beynəlxalq hüququn müəyyən qədər işlək qala biləcəyinə dair ümidlər mövcud idi. Özünü dünyaya demokratiyanın beşiyi və “dünya polisi” kimi təqdim edən ABŞ-nin hələ də beynəlxalq sistemi və beynəlxalq hüququ müəyyən mənada qoruya və xilas edə biləcəyinə dair inam vardı. ABŞ-nin ən yüksək səviyyəli rəsmilərinin ritorikasında ölkə daim beynəlxalq sistemin və beynəlxalq hüququn əsas qurucularından biri kimi təqdim olunurdu. Məhz bu səbəbdən sülhə, təhlükəsizliyə və sabitliyə ümid bəsləyən ictimaiyyət nümayəndələri arasında vəziyyətin hələ də dəyişdirilə biləcəyinə dair gözləntilər qalırdı".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Turk ABŞ-nin Venesuelaya hərbi müdaxiləsini sərt tənqid edib. O bildirib ki, bu addım ölkənin suverenliyinə ziddir və BMT Nizamnaməsinin prinsiplərini pozur. Turk əlavə edib ki, belə hərəkətlər beynəlxalq təhlükəsizliyi zəiflədə və üçüncü dünya müharibəsi riskini artıra bilər. Həmçinin, Turk bu müdaxilələrin insan haqlarının pozulmasına və uzunmüddətli münaqişələrin dərinləşməsinə səbəb ola biləcəyini də diqqətə çatdırıb.
Siyasi şərhçi qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi bu ümidlərə ciddi zərbə vurmuşdu.
"Hətta bundan əvvəl Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi, Gürcüstana qarşı hərbi əməliyyatlar həyata keçirməsi və digər oxşar hadisələr də beynəlxalq hüququn zəiflədiyini göstərən nümunələr kimi qiymətləndirilirdi. Buna baxmayaraq, ABŞ faktoru hələ də müəyyən mənada ümidverici aktor kimi qəbul edilirdi. Lakin Donald Tramp administrasiyasının müstəqil bir dövlətə qarşı bu formada hərəkətə keçməsi həmin ümidləri də tamamilə puça çıxardı. Əgər ABŞ beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq əvvəlcə Venesuela hakimiyyətinə qarşı beynəlxalq məhkəmə mexanizmlərini işə salsaydı və beynəlxalq kampaniya başlayıb irəli sürülən ittihamları, narkobiznesə dəstək, zorakı üsullarla hakimiyyətin ələ keçirilməsi, seçkilərin saxtalaşdırılması və digər iddiaları beynəlxalq tribunalarda sübut etsəydi, yalnız bundan sonra hüquqi əsaslarla hakimiyyətin təhvil verilməsini tələb edə bilərdi. Belə bir hüquqi prosesdən sonra Venesuela hakimiyyəti beynəlxalq ictimaiyyətin tələblərinə əməl etmədiyi halda, güc tətbiqi məsələsi gündəmə gələ bilərdi və bu da beynəlxalq hüququn hələ də mövcud olduğu barədə təsəvvürü saxlayardı. Lakin baş verənlər bunun əksini göstərdi: gecə saatlarında həyata keçirilən qəfil əməliyyatla müstəqil bir dövlətə müdaxilə edildi, ölkə rəhbərinin legitimliyi ilə bağlı iddialar isə beynəlxalq məhkəmələrdə araşdırılmadan irəli sürüldü. Bu iddialar istər prezidentin legitim yolla seçilib-seçilməməsi, istərsə də cinayət əməllərində iştirak edib-etməməsi ilə bağlı olsun, beynəlxalq hüquq müstəvisində sübut edilməmiş faktlar olaraq qaldı. Onlar yalnız ABŞ-nin irəli sürdüyü iddialar kimi səsləndi və beynəlxalq tribunalarda hüquqi qiymət almadı. Nəticə etibarilə beynəlxalq hüququn artıq bundan sonra nə dövlətlər, nə beynəlxalq təşkilatlar, nə də sivil və qeyri-sivil qurumlar üçün aktual bir mövzu kimi qəbul edilməyəcəyi qənaəti formalaşır. Əksinə, beynəlxalq münasibətlər sistemində güc amilinin ön plana çıxacağı, gücə sahib olan tərəfin haqlı sayılacağı reallığı daha açıq şəkildə özünü göstərir. Bu isə mövcud beynəlxalq sistemin əsaslarının ciddi şəkildə sarsılması və onun faktiki olaraq formal xarakter alması deməkdir. Üçüncü dünya müharibəsi riskinə gəldikdə isə bu risk ABŞ-nin Venesuela ilə bağlı son addımından əvvəl də mövcud idi. Bu təhlükə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı da gündəmdə idi, 2014-cü ildə Krımın ilhaqı zamanı da mövcud idi, Gürcüstana qarşı hərbi əməliyyatlar dövründə də müzakirə olunurdu. Eyni zamanda ABŞ-nin Yaxın Şərqə və Əfqanıstana müdaxilələri zamanı da üçüncü dünya müharibəsi riski tez-tez gündəmə gətirilirdi. Buna baxmayaraq, bu günədək üçüncü dünya müharibəsinin rəsmi olaraq elan edildiyinin şahidi olmamışıq. Lakin dünyanın müxtəlif regionlarında münaqişələrin davamlı xarakter alması və bu münaqişələrin bir-biri ilə müəyyən dərəcədə əlaqəli olması onu deməyə əsas verir ki, qeyri-rəsmi şəkildə dünya artıq uzun müddətdir münaqişə vəziyyətindədir. Fərqli regionlarda eyni maraqların toqquşması nəticəsində qarşıdurmalar yaşanır və bu da qlobal təhlükəsizliyə ciddi təhdid yaradır. Üçüncü dünya müharibəsinin rəsmi olaraq başlayıb-başlamayacağı və ya Venesuela hadisələrinin bu prosesə təkan verib-verməyəcəyi sualına gəlincə, bu ehtimal yüksək qiymətləndirilmir. Əksinə, Venesuela hadisələrindən sonra dövlətlərin daha çox öz regionlarına məsuliyyət daşıyan siyasət yürütməyə üstünlük verəcəyi gözlənilir. ABŞ-nin Qərb yarımkürəsini faktiki olaraq öz təsir dairəsi kimi təqdim etməsi də bu niyyətin açıq şəkildə nümayişi kimi qiymətləndirilə bilər. Bu isə gələcəkdə Çinin Şərq yarımkürəsində oxşar iddialarla çıxış etməsi və ABŞ-dən analoji yanaşma tələb etməsi ehtimalını artırır. Eyni zamanda Rusiya da Şimal bölgələrində və ya postsovet məkanında bu cür iddialarla çıxış edə bilər. Nəticə etibarilə böyük güclərin birbaşa qarşıdurmasındansa, daha çox proksi qüvvələr və ya ikinci, üçüncü dövlətlər vasitəsilə bir-birinə qarşı mübarizəni davam etdirməsi ssenarisi daha real görünür".
Rəfiqə Namazəliyeva,
AzNews.az