Azərbaycan nömrəli maşın İstanbulda radara düşür, cəriməsi traktora yazılır

7 Yanvar 2026 22:47 (UTC+04:00)

Türkiyənin Isparta vilayətinin Eğirdir rayonunda yaşayan 67 yaşlı Emine Tüzün durduğu yerdə işə düşüb. Onun sözlərinə görə, illərdir yalnız kənddə və tarlada istifadə etdiyi traktora İstanbuldan ardıcıl olaraq yol və sürət cərimələri göndərilir.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, 10 EE 111 dövlət nömrə nişanlı traktora ilk dəfə 2021-ci ildə İstanbulda körpü və avtomagistrallardan ödənişsiz keçid iddiası ilə 9 cərimə yazılıb. Emine Tüzünün etirazından sonra kamera görüntüləri araşdırılıb və qayda pozuntusunu törədən nəqliyyat vasitəsinin Azərbaycan nömrəli lüks avtomobil olduğu müəyyən edilib. Cərimələr 2022-ci ildə ləğv edilib.

Lakin problem bununla bitməyib. 2024-cü ilin may ayında traktora İstanbul Şimal Ətraf Yolunda sürət həddini aşdığı iddiası ilə 690 lirəlik yeni cərimə tətbiq olunub. Bu cəza da məhkəmə qərarı ilə “sehven yazıldığı” əsas gətirilərək ləğv edilib.

2025-ci ildə isə İstanbul 5-ci İcra Dairəsi tərəfindən Emine Tüzünə 1019 lirə məbləğində yeni borc bildirişi göndərilib. Bildirişdə traktora Yavuz Sultan Səlim Körpüsü və Şimal Ətraf Yolu üzrə qaçaq keçid ittihamı irəli sürülüb.

Yaşadıqlarına təəccübləndiyini deyən Emine Tüzün, “Kənddən çıxmayan traktora İstanbulda gəzirmiş kimi cərimə yazılması ağlasığmazdır. Traktorun radara düşdüyünü təsəvvür etmək belə absurd görünür. Axı traktorların maksimal sürəti saatda 40 kilometrdir” deyə bildirib.

Daim cərimə bildirişi almaqdan bezən Emine Tüzün yaxın vaxtlarda traktoru üçün nömrə nişanının dəyişdirilməsi ilə bağlı rəsmi müraciət edəcəyini açıqlayıb.

AzNews.az