Qrant müsabiqələrində Azərbaycan dilinin təmizliyinin qorunması əsas tələb olacaq

9 Yanvar 2026 15:23 (UTC+04:00)

Bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müvafiq dövlət qurumları ilə birgə keçirəcəyi qrant müsabiqələrində Azərbaycan dilinin təmizliyinin qorunması əsas mövzulardan biri kimi qoyulacaq.

Aznews.az xəbər verir ki, bunu Agentliyin sədr müavini Elnur Bağırlı "Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik" mövzusunda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, Agentliyə Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla tapşırılıb:

"Müvafiq Fərmanla Agentliyə aidiyyəti dövlət qurumları ilə birlikdə QHT-lərin bütün növ maliyyələşdirilməsi üzrə mövzu və istiqamətlərin müəyyənləşdirilməsində iştirak, müsabiqələri birlikdə təşkil etmək tapşırılıb. Biz də bunu yerinə yetirməyi qarşıya məqsəd qoymuşuq".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli də öz növbəsində qeyd edib ki, akademiya Azərbaycan dilinin təmizliyinin qorunması mövzularında keçiriləcək qrant müsabiqələrə dəstək verməyə hazırdır:

"Azərbaycan milli kimliyinin qorunması və inkişafı bu müsabiqələrdə əsas prioritetlərdən biri olmalıdır. Görkəmli ziyalılarımız, yeni nəsil nümayəndələrimizin prosesə cəlb olunması vacibdir. Eyni zamanda müəyyən dövrlərdə ictimaiyyətdən kənarda qalan digər qurumların da bu prosesdə iştirakı təmin edilməlidir".

AzNews.az