Fuad Məmmədov: Yad təsirlər Azərbaycan dilinin saflığı üçün ciddi çağırışlar yaradıb

9 Yanvar 2026 15:55 (UTC+04:00)

Azərbaycan dilinin təmizliyi məsələsi yalnız filoloqların yox, bütün cəmiyyətin məsuliyyətidir.

Aznews.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov "Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik" mövzusunda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan dili adi ünsiyyət vasitəsi deyil, həm də milli əmanətdir:

"Dil korlanırsa milli kimlik, özünüdərk də sarsılır. Məhz buna görə də Azərbaycan dilinin təmizliyi məsələsi yalnız filoloqların yox, bütün cəmiyyətin məsuliyyətidir".

F. Məmmədov qeyd edib ki, bu gün qloballaşma, rəqəmsal media, sosial şəbəkə, reklamlar və gündəlik danışıqda artan yad təsirlər Azərbaycan dilinin saflığı üçün ciddi çağırışlar yaradıb:

"Təəssüf ki, bəzən öz dilimizdə düzgün ifadə tapa bilmədikdə yad sözləri dilə gətiririk. Bu isə tədricən dilin daxili sistemini aşındırır. Yüksək mədəniyyətli insana xas ən mühüm cəhətlərdən biri məhz doğma dilin layiqli şəkildə yaşadılması, onun inkişafı üçün əzmlə, fədakarlıqla çalışmaqdır".