"Uşaqlara ev şəraitində sistem vurulması bir sıra tibbi risk və fəsadlara səbəb ola bilər. İlk növbədə, damar daxili maye infuziyasının düzgün tətbiqi tibbi təhsil və təcrübə tələb edir. Hər hansı bir səhv, damar yolunun düzgün açılmaması, mayenin düzgün infuziya edilməməsi və ya infuziyanın həddindən artıq sürətli verilməsi uşağın sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bundan əlavə, ev şəraitində sistem tətbiqi zamanı infeksiya riski də artır. Proseduru icra edən şəxs steril qaydalara əməl etmədikdə, mikrobların uşağın orqanizminə daxil olması mümkündür. Uşaqların immun sistemi tam formalaşmadığından, bu cür infeksiyalar daha ağır və riskli keçə bilər. Evdə sistem tətbiqi həm uşağın sağlamlığı üçün təhlükəlidir, həm də bu cür müdaxilələr yalnız peşəkar həkimlər tərəfindən, müvafiq şəraitdə və tibbi nəzarət altında aparılmalıdır. Həkimlər bu prosedurların yalnız xəstəxana şəraitində və zərurət olduqda icra edilməsinin vacibliyini vurğulayırlar".
Bu fikirləri Aznews.az-a açıqlamasında həkim-pediatr Aytən Ziyadova deyib.
Qeyd edək ki, son günlər yayılan virus infeksiyası fonunda bir çox valideyn uşaqlarına ev şəraitində sistem (damardaxili məhlul) vurdurmağa cəhd edir. Lakin bunun tibbi qaydalara zidd olduğu bildirilir. Belə ki, evdə uşağa sistem qoşulmasına icazə verilmir və tibb bacıları bu proseduru icra etməkdən imtina edirlər. Xəstəxanalarda isə sistem yalnız həkim müayinəsindən sonra və zərurət olduqda təyin edilə bilər. Adətən həkimlər uşaqlara sistem vurulmasını məqsədəuyğun hesab etmir və bu cür təyinat vermirlər. Hətta yaxın vaxtlarda uşaqlara sistem qoşulmasının tam qadağan ediləcəyi ilə bağlı iddialar da səsləndirilir.
Pediatr qeyd edib ki, uşaqların damarlarına sistemin düzgün olmayan texnika ilə tətbiqi infeksiya riskini daha da artırır.
"Çünki steril şərait təmin edilmədikdə, mikrob və bakteriyaların orqanizmə daxil olma ehtimalı yüksəlir. Uşaqlarda maye balansının qorunması olduqca önəmlidir. Virus infeksiyaları zamanı bədənin maye itkisi artdıqda, valideynlərin əsas vəzifəsi uşaqlarda düzgün maye bərpasını təmin etməkdir. Lakin bunun üçün sistem tətbiqinə ehtiyac yoxdur. Əksinə, valideynlər ev şəraitində daha təhlükəsiz və effektiv üsullara üstünlük verməlidirlər. Bu hallarda ilk növbədə oral rehidratasiya məhlullarından istifadə tövsiyə olunur. Bu məhlullar bədəndə maye və elektrolit balansının bərpasına kömək edir. Həkimlər bu üsulu məsləhət görür və əksər hallarda onun evdə sistem tətbiqindən daha təhlükəsiz və effektiv olduğunu bildirirlər. Eyni zamanda, mayelərin az miqdarda, lakin tez-tez verilməsi uşağın orqanizminin onları daha asan mənimsəməsinə şərait yaradır. Bundan başqa, uşağa yüngül və asan həzm olunan qidaların verilməsi də vacibdir. Virus infeksiyası zamanı mədə-bağırsaq sistemi zəiflədiyindən, ağır qidalar vəziyyəti daha da pisləşdirə bilər. Düzgün qidalanma isə bədənin daha tez bərpa olunmasına kömək edir. Bir çox valideyn ev şəraitində sistem vurmağa cəhd edir, lakin bu cür müdaxilələrdən çəkinmək tövsiyə olunur. Tibbi qaydalara zidd olan və uşağın sağlamlığını risk altına alan bu addımlar problemin daha da ağırlaşmasına səbəb ola bilər. Uşağın vəziyyəti ağırlaşdıqda isə ən doğru və təhlükəsiz seçim dərhal həkimə müraciət etməkdir. Xəstəxanalarda sistem yalnız həkim müayinəsindən sonra və tibbi göstəriş olduqda tətbiq edilir. Əksər hallarda uşaqlara sistem vurulmasına ehtiyac olmur. Həkimlər bu üsulu yalnız ciddi maye itkisi və dehidratasiya zamanı məqsədəuyğun hesab edirlər. Uşaqlara sistemin müntəzəm tətbiqi isə təhlükəli hesab olunur və gələcəkdə bu cür müdaxilələrin tam qadağan edilməsi də istisna edilmir. Sonda valideynlərə tövsiyə olunur ki, uşaqlarının maye balansını qorumaq üçün sistem tətbiqi əvəzinə ev şəraitində daha təhlükəsiz üsullara üstünlük versinlər. Həkim məsləhəti alınmalı, oral rehidratasiya məhlullarından istifadə edilməli və uşağın sağlamlığı üçün ən doğru yanaşma seçilməlidir. Unutmaq olmaz ki, sağlamlıq ən böyük dəyərdir və onun qorunması düzgün qərarlardan asılıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az