“Qiymətləndirmə sistemində sınaq imtahanları əsas imtahandan müəyyən müddət əvvəl keçirilməlidir. Bu, tələbələrin həmin sınaqlarda aşkarlanan boşluqları müəyyən edib bərpa etməsinə, hazırlıqlarını tamamlamağa imkan verir. Əgər sınaq imtahanı çox yaxın tarixdə keçirilirsə, boşluqların düzəldilməsi mümkün olmur və bu, tələbənin çalışmaq həvəsini itirməsinə səbəb ola bilər. Bundan əlavə, sınaq imtahanı nəticələri pis olsa, tələbə ümidini itirə, narahatlaşa və hətta əsas imtahana hazırlaşmaq həvəsini itirə bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov deyib.
Xatırladaq ki, yanvarın 18-də Dövlət İmtahan Mərkəzi magistratura səviyyəsi üçün sınaq imtahanı keçirəcək. Müşahidələr göstərir ki, namizədlərin yalnız az bir qismi imtahanda iştirak etməməyə üstünlük verir. Bu şəxslərin bir qismi isə sınaq imtahanını vaxt aparan bir proses hesab edir. Halbuki magistraturaya qəbul üçün vaxt kifayət qədər azdır.
Ekspert qeyd edib ki, sınaq imtahanlarını əsas imtahandan ən az 3–4 ay əvvəl keçirmək daha məqsədəuyğundur.
"Son mərhələdə isə tələbənin özü öz hazırlığını davam etdirməli, sınaq imtahanlarında isə son tamamlamalarını həyata keçirməlidir. Ümumiyyətlə, sınaq imtahanları tələbənin ümumi hazırlıq prosesinə dəstək olur. Bu vasitə ilə tələbə öz proqresini izləyə, müəllimlər isə proqresi qiymətləndirərək növbəti hədəfləri müəyyən edə bilərlər. Bu səbəbdən bütün tələbələrə sınaq imtahanlarına qatılmağı tövsiyə edirəm. Əsas şərt isə sınaq imtahanlarının tarixlərinin əsas imtahandan ən az 3 ay əvvəl müəyyən olunmasıdır ki, tələbə boşluqlarını vaxtında aşkar edə bilsin".
Rəfiqə Namazəliyeva,
AzNews.az