Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 9-dan 10-na keçən gecə və axşam bəzi yerlərdə çiskinli yağış ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək, axşama doğru isə mülayimləşəcək. Havanın temperaturu gecə 5–7, gündüz 8–11 dərəcə isti olacaq.
Rayonlarda isə bəzi yerlərdə fasilələrlə yağıntı, dağlıq və dağətəyi ərazilərdə qar gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dumanlı hava şəraitinin yaranacağı ehtimal olunur.
Bəs Bakıya qar nə zaman yağa bilər?
Mütəxəsisslərin fikrincə, keçmiş illərin meteoroloji müşahidələri göstərir ki, Bakıda qar yağması artıq nadir hadisədir və əsasən yanvarın ikinci yarısı və fevral aylarında mümkündür. Bu, yalnız temperaturun 0 dərəcəyə yaxın və ya aşağı düşdüyü, eyni zamanda şimal və şimal-qərb istiqamətindən soyuq hava kütlələrinin rütubətli hava ilə toqquşduğu hallarda baş verir. Belə vəziyyətlərdə paytaxtda daha çox sulu qar müşahidə olunur və qarın yerdə qalma müddəti qısa olur.
AzNews.az