İranda etirazçılar ötən gecə də repressiyalara baxmayaraq küçələrə çıxaraq etirazlarını davam etdiriblər.
Aznews.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Tehranda ümumi internet blokadası davam edir. Yüzlərlə nümayişçinin saxlanıldığı ehtimal olunur.
Məlumata görə, dünən gecəyə dair bəzi videolar əldə edilib. Videolardan məlum olur ki, Tehranın Gişa rayonunda etirazçılar küçələrə nəzarəti ələ keçirib. BBC Verify tərəfindən təsdiqlənmiş bir neçə videoda İranın ikinci ən böyük şəhəri olan Məşhəddə, Vəkilabad prospektində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar əks olunub.
Maskalı etirazçılar konteynerlərin və yandırılmış tonqalların arxasında gizlənir, uzaqda isə təhlükəsizlik qüvvələrinin sırası görünür. Avtobusa bənzər bir nəqliyyat vasitəsinin alov içində olduğu da kadrlarda yer alır.
Eyni zamanda yaxınlıqdakı piyada körpüsündə dayanan bir fiqurun müxtəlif istiqamətlərə bir neçə dəfə atəş açdığı, prospektin kənarında isə bir neçə nəfərin hasarın arxasında gizləndiyi görünür.
Paytaxt Tehrandan da başqa videolar yayılıb. Verify tərəfindən təsdiqlənmiş bir videoda Qərbi Tehrandakı Punak meydanında böyük bir etirazçı qrupunun qazanları döyərək aksiya keçirdiyi görünür. Bu ərazi həftə ərzində etirazların əsas mərkəzlərindən biri olub.
Şimal-şərqi Tehranın Həravi rayonunda çəkilmiş və başqa bir videoda isə etirazçıların küçə ilə irəliləyərək İrandakı hazırkı hakimiyyətin sona çatmasını tələb etdikləri görünür.
Qeyd edək ki, İran hökuməti etirazların qarşısını almaq məqsədilə internetin kəsilməsini tətbiq edib. Ölkənin məlumat infrastrukturu ciddi şəkildə dövlət və təhlükəsizlik orqanlarının nəzarəti altındadır.
Aznews.az