Təbriz-Tehran qarşıdurması: Pezeşkian faktoru, Pəhləvi sindromu

13 Yanvar 2026 03:50 (UTC+04:00)

Güney Azərbaycanda milli və demokratik hərəkatların tarixinə yaxşı baxmaq lazımdır. Bu tarix bizə lap möhkəm səslə deyir ki, "Azərbaycanlılar yenidən bütün İrana hakim olsun" çağırışları avantüradır və alt qatlarda "İrançılıq" ideologiyasına xidmət edir.

Belə bir şey mümkün deyil ona görə ki, 20-ci əsrdə güneyli soydaşlarımızdan fərqli olaraq farslar millətləşmə prosesinin hər üç mərhələsini keçiblər. Nəticədə aparıcı dil, qədim tarix narrativi, dövlət ideologiyası formalaşdırıblar. "İranda liberallaşma" nağılı da onların əsl ideologiyanı gizlətmək üçün ortaya atdıqları cəfəngiyyatdır.

Əvvəla, məşrutə hərəkatları göstərir ki, Tehran mərkəzli istənilən ideya enində-sonunda iflasa uğrayır. İranda modernləşmənin, anti-despotik və konstitutsion düşüncənin mərkəzi hər zaman Təbriz olub. Lakin Təbriz Tehrana inandığı və ya tabe olduğu andan etibarən onun siyasi potensialı boğulub, Azərbaycan kimliyi mədəni-siyasi müstəvidə və repressiv üsullarla sıxışdırılıb, “Vahid İran” çətiri altında assimilyasiya aparılıb.

Digər yandan, teokratik rejimdən sekulyar cəmiyyətə keçid özü-özlüyündə demokratiya vəd etmir. Pəhləvilər dönəmində olduğu kimi, uzaqbaşı sosial həyatda sərbəstliklər olacaq, amma əsl fərdi və siyasi azadlıqlar olmayacaq. Azadlığa istinad etməyən heç bir toplum demokratikləşə bilməz.

Modernləşmə, tərəqqi və rifah kimi anlayışlar hazırda bütün İran xalqlarının arzusunu ifadə edir. Lakin zənnimcə, İranda proseslər millətlərin öz müqəddəratını təyin etmək hüququ üzərindən gerçəkləşəcək. Odur ki, "Güney Azərbaycanlılar İran kimliyindən razıdır" kimi tezislər həm rəy olaraq yanlışdır, həm də tarixi dialektikaya ziddir. Deyək ki, mollalar lap elə bu gün Güneydəki qan qardaşlarımızın dil hüququnu tanıdı. Bu, Azərbaycan ədəbi dili olacaqsa, - ki, başqa cür də ola bilməz- "İran kimliyi" elə əlifbanın tədrisi müddətində tam iflasa uğrayacaq.

İrandakı prosesləri proqnozlaşdırmaq üçün ilk növbədə hazırkı rejimin ontoloji sisteminə nəzər yetirilməlidir. Bilirsiniz ki, İranda bir idarəçiliyi inhisara almış orta çağ dini sistemi, bir də respublikalara xas quruluşlar var. Bu quruluşlar formaldır və gerçəklikdə mollaların qapazı altındadır. İran-İsrail savaşından və ABŞ-ın İranın nüvə təsislərini bombalamasından sonra əslində ayətullah Xəmneyiyə bir fürsət verildi ki, üzüsulu getsin, teokratik qanad çöksün, respublikaçılar önə çıxsın. Amma Xəmneyi bu fürsəti dəyərləndirə bilmədi, görünür, bunu heç istəmədi də.

Xəmneyi ilə Qəddafi arasında çox mühüm bir fərq var. Qəddafi Liviyada tək adam sistemi qurmuşdu. Hamı ona tabe idi, o özü heç kimə və heç nəyə tabe olmadan qurduğu sistemlə eyniləşmişdi. Xəmneyi də İranda tək adamdır, amma bəlli bir yerdən sonra sistemə tabedir. O, piramidanın başıdır, elitada hər kəsdən alidir, lakin Qəddafidən fərqli olaraq sistem Xəmneyi demək deyil və o, sistemdaxili balansı təmin etməlidir. Xəmneyinin getməsi teokratik sistemi zəiflədir, amma aradan qaldırmır. İran generallarını nöqtə atışları ilə məhv edən İsrail, düşünürəm ki, məhz bu reallığı nəzərə alaraq onun bioloji ömrünü bir müddət uzatdı. Ancaq ABŞ prezidenti Donald Trampın açıqlamalarından belə görünür ki, bütün yalvarışlarına rəğmən- üzdə əsib-gurlamalarına bənd olmayın- İranın teokratik sistemi çökdürüləcək.

Əgər İranda teokratiya çökürsə, yəni İran dövlətinin adından "islam" termini çıxırsa, yerdə respublika qalır. Əgər respublika qalırsa, şahzadə Rzanın bütün oyunları puça çıxmalıdır məntiqlə. O, hələ də bir suala aydın cavab verməyib: İrana şah kimi qayıtmaq istəyir, yoxsa seçkilərdə iddia ortaya qoyacaq sıradan bir lider kimi? Əgər Rzanın məqsədi İranda monarxiyanı yenidən bərpa etməkdirsə, bu, qətiyyən real deyil. İranı respublika kimi davam etdirəcək seçkilərdə iştirak etmək üçün isə onun elə bir ciddi bazası yoxdur. Hər iki halda Pəhləvi qarşısında Güney Azərbaycanı görəcək!

Teokratik sistem çökdüyü halda, respublikanın lideri bəllidir- Məsud Pezeşkian! Ancaq İranın həm dini, həm də respublika quruluşlarında aparıcı xətt şahdan qalma fars şovinizmidir. Fars şovinistləri dini sistem üzərindən kontrol etdikləri prezident postunu Pezeşkiana peşkəş etməzlər. Odur ki, Məsud bəyi mütləq sıradan çıxarmağa çalışacaqlar və "inqilab" adı altında dini elita ilə birgə ondan da qurtulmaq istəyəcəklər. Düşüncəmə görə, Pezeşkian bu reallığı görür və həm fiziki, həm də siyasi müstəvidə özünü qorumaq üçün tezliklə Təbrizdə mənzillənməli olacaq. Buradan iki nəticə çıxır.

Birincisi, İranda milli məsələnin alovlanmaması mümkün deyil. Çünki fars şovinizminin öz iqtidarını üçüncü dəfə saxlamaq cəhdi əks nəticələr verəcək.

İkincisi, Tehran və Təbriz arasında yenidən kəskin qarşıdurma yaranacaq.

Güney Azərbaycanın tarixi təcrübəsi və zamanın ruhu Təbrizə deyir ki, sən nə zaman Tehranla münasibətlərdə “islahat”, “razılaşma” və ya “ümumiran kompromisi” anlayışlarından çıxış etmisən, hər dəfə məyus olmusan. Odur ki, Təbriz bu dəfə Tehranla birdəfəlik üzülüşməyi seçəcək və yeni tarixi statusunu "problem" deyil, "subyekt" olaraq müəyyən edəcək.

Taleh ŞAHSUVARLI