“ABŞ-nin ‘decapitation’ planı İran üçün risklidir” - Tural İsmayılov

13 Yanvar 2026 17:00 (UTC+04:00)

"Bu ssenari ilk baxışda “Hollywood planı” kimi səslənsə də, əslində beynəlxalq siyasətdə tamamilə tanış bir alətdir – buna “decapitation strategy”, yəni siyasi başı kəsmə doktrinası deyirlər. ABŞ tarixən belə metodları sınayıb: İraqda Səddamın, Liviyada Qəddafinin, terror şəbəkələrində liderlərin fiziki sıradan çıxarılması həmin xəttin davamıdır. Amma İran kimi ideoloji, institusional və dərin təhlükəsizlik şəbəkəsi olan bir sistem üçün bu ssenari kağız üzərində daha cəlbedici görünür, real həyatda isə xeyli risklidir. Birincisi, İranda hakimiyyət bir nəfərin üzərində qurulmayıb. Ali dini lider simvol və mərkəzdir, amma real güc SEPAH, kəşfiyyat strukturları və ideoloji aparat arasında paylanıb".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranda etirazçıların kütləvi şəkildə qətlə yetirilməsinə cavab olaraq müvafiq tədbirlər görüləcəyini açıqlayıb. O, hərbi müdaxilə variantının da nəzərdən keçirildiyini bildirib. Xatırladaq ki, 12 günlük müharibə zamanı əsasən hərbçilər və hərbi obyektlər hədəfə alınmışdı. Lakin ehtimallara görə, bu dəfə hərbi deyil, siyasi fiqurların hədəf seçilməsi gündəmdədir. Bu çərçivədə dini liderin də öldürülə biləcəyi istisna edilmir. Məqsəd isə siyasi hakimiyyətin zəiflədilməsidir.

Siyasi şərhçi bildirib ki, dini liderin aradan götürülməsi avtomatik olaraq sistemin çökməsi anlamına gəlmir, əksinə, bu addım rejimin daha da sərtləşməsinə, cəmiyyətin isə “xarici düşmənə qarşı səfərbərlik” vəziyyətinə keçməsinə səbəb ola bilər.

"Tarix göstərir ki, belə hallarda daxili parçalanma yox, əksinə, müvəqqəti konsolidasiya yaranır. İkincisi, siyasi liderlərin hədəfə alınması İran daxilindəki etirazları zəiflətmək əvəzinə, onları “xarici müdaxilə damğası” altına sala bilər. Rejim üçün bu, idealdır: bütün narazılıqları “ABŞ-nin layihəsi” kimi təqdim etmək və daha qəddar repressiyalar üçün legitimlik qazanmaq. Yəni Vaşinqtonun bir gülləsi Tehrana deyil, faktiki olaraq İran müxalifətinə dəymiş olur. Üçüncüsü, bu tip əməliyyatlar regionu partlatmaq potensialına malikdir. Hizbullah, Husilər, İraq şiə milisləri dərhal oyuna girər, İsrail və Körfəz hədəfə çevrilər, Hörmüz boğazı risk altına düşər. Bu isə Tramp administrasiyasının nə iqtisadi, nə də siyasi baxımdan istədiyi ssenaridir. Ona görə də bu ehtimal texniki baxımdan mümkündür, amma strateji baxımdan ağıllı deyil. Bu, İran rejimini yıxmaqdan çox, onu mifləşdirə və daha təhlükəli hala gətirə bilər. Siyasi sistemi bombalamaq olar, amma ideologiyanı və şəbəkəni raketlə dağıtmaq olmur. Tarixin köhnə dərsi dəyişməyib: başı kəssən də, hidranın bədəni yaşayır".

Rəfiqə Namazəliyeva,

AzNews.az