İranın İspaniya, Niderland və Finlandiyadakı səfirləri bu ölkələrin XİN-ə çağırılıb

13 Yanvar 2026 17:52 (UTC+04:00)

İspaniya, Niderland və Finlandiya İranda davam edən etirazların zorakılıqla yatırılması ilə bağlı rəsmi etiraz bildirmək üçün İran səfirlərini çağırıb.

Bu barədə Aznews.az "Sky News"ə istinadən xəbər verir.

Niderlandın xarici işlər naziri David van Veel bildirib ki, İran səfiri "etirazçılara qarşı həddən artıq zorakılıq, özbaşına kütləvi həbslər və internet kəsintilərinə" etiraz edilməsi üçün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Onun sözlərinə görə, bu addım digər Avropa tərəfdaşları ilə koordinasiyalı şəkildə atılıb.

Finlandiya da İran səfirini çağıraraq oxşar addımlar atıb. Finlandiyanın xarici işlər naziri Elina Valtonen qeyd edib ki, İran hakimiyyəti tərəfindən internetə girişə tətbiq edilən məhdudiyyətlər baş verənlər haqqında məlumatın əldə edilməsinə mane olur və insan haqları ilə bağlı ciddi narahatlıq doğurur.

İspaniya da diplomatik tədbirlərə qoşulub. Ölkənin Xarici İşlər Nazirliyi İranın Madriddəki səfirini çağırıb, Tehrandan informasiya blokadasını və etirazçıların həbs edilməsini dayandırmağı tələb edib.

Qeyd edək ki, İranda etirazlar milli valyutanın qəfil çökməsindən sonra dekabrın 28-də başlayıb və hazırda da ölkənin ən azı 46 şəhərini əhatə edib.

Mövcud məlumatlara görə, artıq üç həftədir davam edən etirazlar zamanı ölənlərin sayı təxminən 2 000 nəfərə çatıb. Bundan əlavə ölkədə internet yanvarın 8-i axşam saatlarında kəsilib.