AFFA hakimlərin qiymətini qaldırdı

14 Sentyabr 2013 11:01 (UTC+04:00)
Futbol üzrə Azərbaycan çempionatlarında hakim idarəçiliklərinin qiymətləndirmə sistemi dəyişdirilib. Bu haqda Lent. az-a Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov məlumat verib.

Onun sözlərinə görə, dəyişiklik FİFA və UEFA-nın təlimatları əsasında aparılıb. Cabbarov bu yaxınlarda AFFA-da keçirilmiş seminarda Topaz Premyer Liqası, əvəzedicilərin çempionatı və I Divizionun oyunlarına təyinat alan 55 hakim-inspektorun yeniliklər barədə məlumatlandırıldığını açıqlayıb:

"Əvvəllər 8,1-dən yuxarı qiymət alan hakimlərin işi çox yaxşı sayılırdı. Amma indi 8,3 – 8,4 bal normal qiymət sayılır. 8,5 baldan yuxarı isə çox yaxşı qiymət hesab olunacaq".

Lakin Cabbarov hakimlərin işi barədə rəyin hakim-inspektorların qiymətləri əsasında formalaşdırılacağını təsdiqləməyib: "Bu məsələ AFFA Hakimlər Komitəsinin səlahiyyətindədir. Hər ikimiz ayrıca komitəyik və hərəmiz öz işimizi görürük".

AzNews.az