“ABŞ Venesuelada hakimiyyət dəyişikliyini zorla reallaşdırdı” - Elçin Xalidbəyli

13 Yanvar 2026 19:50 (UTC+04:00)

"ABŞ və Venesuela arasında münasibətlər artıq yeni mərhələyə qədəm qoyub. Diktator Nikolas Maduronun hakimiyyəti dövründə Venesuela ABŞ-la açıq qarşıdurma vəziyyətində idi. Lakin Tramp administrasiyası bu qarşıdurmanı ABŞ-nin xeyrinə həll edərək Venesuelada hakimiyyət dəyişikliyinə nail oldu. Əsas məqam ondan ibarətdir ki, Tramp administrasiyası Venesuelada hakimiyyət dəyişikliyini beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla reallaşdırdı. Belə ki, ABŞ hərbçiləri Venesuela ərazisində əməliyyat keçirərək diktator Nikolas Maduronu faktiki olaraq oğurlayıb ölkədən çıxardılar. Hazırda isə onun üzərində məhkəmə qurmaq niyyətindədirlər. Şübhəsiz ki, bir diktatorun hakimiyyətdən kənarlaşdırılması olduqca mühüm addımdır. Lakin bu proses beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirilməlidir. Əgər ABŞ legitim yollarla hakimiyyət dəyişikliyinə nail olmaq istəyirdisə, ilk növbədə Venesuela müxalifətinə ciddi dəstək göstərməli və daxili siyasi təzyiqlər vasitəsilə hakimiyyət dəyişikliyinə çalışmalı idi. Əgər bu da mümkün deyildisə və radikal addım qaçılmaz idisə, o zaman ABŞ BMT-nin müvafiq qətnaməsinin qəbuluna nail olduqdan sonra Nikolas Maduraya qarşı əməliyyat keçirə bilərdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, ABŞ ilə Venesuela arasında uzun müddətdir davam edən gərgin münasibətlər fonunda Karakasda bir sıra siyasi məhbusların azad olunması və Vaşinqtonun neft sektoruna yönəlik milyardlarla dollarlıq investisiya planları regionda yeni mərhələnin başlandığını göstərir. Bu addımlar Karib hövzəsində siyasi balansın dəyişib-dəyişməyəcəyi, eləcə də ABŞ–Venesuela münasibətlərində mümkün yumşalmanın ölkənin daxili siyasi proseslərinə təsiri ilə bağlı sualları aktuallaşdırır.

Siyasi şərhçi qeyd edib ki, mövcud vəziyyətdə bu addımların özbaşına atılması beynəlxalq hüquq normalarının faktiki olaraq sıradan çıxarılması deməkdir və qlobal miqyasda təhlükəli presedent yaradır.

"Artıq güclü dövlətlərin zəif dövlətlərə qarşı oxşar metodlardan istifadə etməyi düşünməsi ehtimalı yaranıb. Maduronun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Venesuelanın xarici siyasətində və iqtisadi-ticari əməkdaşlıq prinsiplərində müəyyən dəyişikliklərin baş verəcəyi istisna deyil. Maduro dövründə Venesuela əsasən Çin, Rusiya və İranla yaxın siyasi və iqtisadi əlaqələrə malik idi ki, bu da ABŞ-ı qane etmirdi. Hazırda ABŞ Venesuela neftinə tam nəzarəti ələ keçirib. Prezident Tramp açıq şəkildə bəyan edib ki, Venesuela nefti uzun illər ABŞ şirkətləri tərəfindən istismar ediləcək. Hətta Tramp müəyyən mənada özünü Venesuelanın də facto prezidenti kimi təqdim etməyə başlayıb. Bu isə o deməkdir ki, ölkənin idarə olunması faktiki olaraq Ağ Evin nəzarətinə keçəcək. Böyük ehtimalla ABŞ-nin dəstəyi ilə formalaşacaq yeni hökumət Maduronu əvəzləyən siyasi rəhbərlik kimi Çin, Rusiya və İranla iqtisadi-ticari əməkdaşlığı minimuma endirmək məcburiyyətində qalacaq. Bu proses həmin ölkələrlə münasibətlərin ciddi şəkildə məhdudlaşdırılmasına qədər gedib çıxa bilər. Beləliklə, Venesuelanın xarici siyasəti və iqtisadi əlaqələrinin əsas istiqamətləri artıq Ağ Evdə müəyyən ediləcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az