"Azərbaycan yekun sülh müqaviləsinin imzalanması üçün müəyyən gözləntilərini dəfələrlə vurğulayıb. Sənədin imzalanması və ratifikasiyası istiqamətində irəliləyiş qalan müddəanın həyata keçirilməsinə, Azərbaycan əleyhinə ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasına düzəliş edilməsi şərtinə əsaslanır. Ermənistan tərəfi bu şərti ABŞ-da keçirilən tarixi Vaşinqton Sülh Sammitində qəbul edib. Bunun həyata keçməsi vaxt alsa da, Azərbaycan tərəfi heç bir riskli məqamı açıq saxlamaq niyyətində deyil. Ratifikasiya hələ baş tutmasa belə, Azərbaycan və Ermənistan arasında de-fakto sülh mövcuddur".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Xatırladaq ki, "Arab News" üçün yazdığı məqalədə Lyuk Koffin qeyd edir ki, 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi üzrə razılıq əldə ediblər. Sənədin ratifikasiyasının 12 ay çəkəcəyi gözlənilsə də, hələlik ciddi irəliləyiş yoxdur. Ekspertin fikrincə, proses Paşinyan hökumətinin siyasi sabitliyi, Ermənistan Konstitusiyasına mümkün dəyişikliklər, Zəngəzur dəhlizi və Rusiya–İran amillərindən asılıdır. Gecikmələrə baxmayaraq, 2026-cı ildə sülhün təmin olunması istisna edilmir.
Deputat qeyd edib ki, tərəflər ticarət əlaqələri qurur, iqtisadi əməkdaşlıq çərçivəsində, xüsusilə enerji sahəsində səmərəli əməkdaşlıq aparır və etimad quruculuğu üzrə dialoq davam edir.
"Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəflər arasında anlaşma mövcuddur. TRİPP marşrutu üzrə ABŞ ilə Ermənistan arasında müqavilə imzalanıb. Regionda ABŞ-nin rolu ötən ilin 8 avqust tarixində keçirilən görüşdə təsdiqlənib. Azərbaycan regionda böyük layları yerindən oynadıb və regional siyasi xəritəni dəyişib. Bununla yanaşı, Azərbaycan Rusiya və İran da daxil olmaqla bütün qonşuları ilə konstruktiv münasibətləri qoruyub saxlayıb. 2020-ci il müharibəsindən sonra Azərbaycan regionu əsaslı şəkildə yenidən formalaşdırır və münaqişə mirasını regional əməkdaşlıq, iqtisadi inkişaf və açıq bağlantılar imkanına çevirir. Azərbaycanın strateji vizyonu Cənubi Qafqazı münaqişə meydanından tərəfdaşlıqlar, investisiyalar və qarşılıqlı bağlantılarla xarakterizə olunan imkanlar məkanına çevirməkdir. Azərbaycan beynəlxalq ictimaiyyəti hökumətləri, media qurumlarını, akademik dairələri və vətəndaş cəmiyyətini regionu keçmişə qaytaran köhnəlmiş narrativləri yenidən dirçəltmək əvəzinə sülh gündəliyini dəstəkləməyə çağırır".
Rəfiqə Namazəliyeva,
AzNews.az