“Əhali artımında Avropa tipli azalma tendensiyası müşahidə olunur” -Hüseyn İbrahimov

13 Yanvar 2026 21:49 (UTC+04:00)

"Ümumiyyətlə, demoqrafik göstəricilər baxımından müasir dövrdə Avropada əhalinin sayında daha çox azalma halları qeydə alınır və eyni zamanda digər postsovet ölkələrində bu hallar son illərdə müşahidə olunur; bəzilərində təxminən 5 il əvvəl, bəzilərində isə 3 il əvvəl başlayıb. Azərbaycanda da bu statistik göstəricilər 2025-ci ildə bir qədər aşağı olub. Əhalinin artımının aşağı və yuxarı səviyyələrinə dair statistik göstəricilər göstərir ki, sosial amillərin rolundan daha çox digər proseslər öz təsirini göstərir.".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında əhali 32 109 nəfər artıb, bu da 0,3% artıma bərabərdir. Noyabrın 1-i vəziyyətinə əhalinin sayı 10 256 998 nəfərə çatıb. Əvvəlki illərlə müqayisədə əhali artımının zəiflədiyi görünür: 2024-cü ildə artım 37 766 nəfər (0,4%), 2023-cü ildə isə 53 625 nəfər (0,5%) olub.

Sosioloq qeyd edib ki, burada öncə miqrasiya, sonra gənclərin karyera qurmaq və digər oxşar məsələlər ön plana çıxır.

"Əvvəllər ailə məsələlərinin həllində ailə institutunun təsiri daha çox idisə, bu gün o bir qədər azalmışdır. Bu kimi amillər proseslərə öz təsirini göstərir. Xüsusən son illərdə gənclərimizin xaricdə təhsil almağa meyli artıb, onların çoxlu sayda gəncləri karyeralarını davam etdirmək üçün xaricdə təhsilə və karyera qurmağa daha çox üstünlük verirlər, nəinki ailə qurmağa. Bir tendensiya da müşahidə olunur ki, əvvəllər daha çox oğlan uşaqları ailə qurmaqda təşəbbüs göstərirdilər və bu addımları atırdılarsa, indi bu təşəbbüslər oğlanlar tərəfindən azalıb. Bu təşəbbüslərin azalmasının səbəbləri iki növbədədir. Gənclər indi daha çox öz sosial vəziyyətlərini və həyat tərzlərini istəklərinə uyğun quraraq ailə qurmağa üstünlük verirlər. Həmçinin, ailə qayğılarının və müasir dövrdə ailə tələbatlarının əvvəlki dövrlərlə müqayisədə artması onları bir qədər çəkindirir. İkinci amil isə boşanma dinamikasıdır. Boşanma dinamikaları, təbii ki, ailə qurmaqda öz mənfi təsirlərini göstərir. Uşaq doğumu və digər hallarda boşandıqdan sonra bir çox hallarda, xüsusən kişilər, ailə qurmaqda bir qədər gecikirlər. Ümumiyyətlə, boşanan kişilərin çoxu demək olar ki, yenidən ailə qurmur və bu kimi hallar statistikada öz əksini tapır. Üçüncü amil kimi isə qeyd etmək olar ki, xaricdə olan vətəndaşlarla ailə quran qızların sayı artıb. Onlar xarici ölkələrdə ailə quraraq bir çox hallarda orada yaşamağa üstünlük verirlər. Bu da əhalinin sayına təsir edən proseslərdə öz statistik təsirini göstərir".

Rəfiqə Namazəliyeva,

AzNews.az