“Çin ABŞ-nin İrana müdaxiləsini öz maraqları üçün risk sayır” - Əli Mustafayev

14 Yanvar 2026 21:43 (UTC+04:00)

"Çinin bu açıqlamayı verməsi təbiidir. Çünki Çin və İran arasında uzunmüddətli və ciddi ticarət əlaqələri mövcuddur. Eyni zamanda, onların bir çox sahələrdə, o cümlədən texniki və hərbi sahələrdə müəyyən əməkdaşlığı vardır. Bu əməkdaşlıqlar texniki, hərbi, siyasi və iqtisadi baxımdan dövlətlər arasında möhkəm əlaqələr yaradır. Eyni zamanda, enerji və neft ticarəti də bu əlaqələrin mühüm hissəsini təşkil edir. Belə bir kontekstdə Amerika regiona müdaxilə edərsə, bu, Çin üçün ciddi risklər yaradır və Pekin bu vəziyyəti diqqətlə izləyir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Qeyd edək ki, Çin gərginliyin davam etdiyi bir vaxtda Tramp administrasiyasının İrana yanaşmasını tənqid edib və birtərəfli təzyiqlərə qarşı xəbərdarlıq edib. Çin səfirliyi bildirib ki, Pekin hər hansı qanunsuz birtərəfli sanksiyalara və uzunmüddətli yurisdiksiyaya qəti şəkildə qarşı çıxır və öz maraqlarını qorumaq üçün “bütün zəruri tədbirləri” görəcək. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq isə vurğulayıb ki, Çin hakimiyyəti ABŞ-nin İranın daxili işlərinə mümkün müdaxiləsinə qarşıdır. Rəsmi nümayəndənin sözlərinə görə, Pekin Tehranın milli sabitliyi təmin etmək səylərini dəstəkləyir.

Siyasi şərhçi bildirib ki, Çin İrandan müəyyən həcmdə neft alır və İran üçün əsas alıcılardan biridir.

"Əgər İran bir şəkildə Amerikanın təsir dairəsinə keçərsə, bu, Çin üçün milli təhlükəsizlik baxımından təhdid yaradacaq və Pekinin İrandan aldığı resursların təminatı da təhlükəyə düşəcək. Bu cür vəziyyət strateji əməkdaşlıq baxımından kifayət qədər ciddi gərginlik yarada bilər, lakin mən ehtimal etmirəm ki, bu gərginlik dərhal və açıq şəkildə üzə çıxsın. Çin adətən bu cür məsələlərdə etirazını bildirir, amma eyni zamanda prosesi izləyir və diplomatik kanallardan istifadə edərək anlaşmalar üçün çalışır. Bu baxımdan Çin həmçinin İranın mövqeyinin gücləndirilməsində müəyyən rol oynayır".

Rəfiqə Namazəliyeva,

AzNews.az